Diplomatiya böhranı...

Paşinyan qarşıdakı dövrdə ikili siyasət oyununu davam etdirəcək

Qərbin Ermənistan ərazisindən Rusiyaya ciddi zərbələr vuracağı gözləntisi zəifdir


Ermənistanda son günlərin ən çox müzakirə olunan mövzularından biri xarici siyasətlə bağlı fundamental dəyişikliklərin baş verməsidir. Maraqlıdır ki, erməni siyasətçilər, politoloqlar ölkənin başsız qalan diplomatiyasının təhlükəli mərhələyə keçdiyini bildirirlər. Yerli mediada bu barədə tez-tez təhlillər yazılır, siyasi ekspertlərin pessimist ruhlu proqnozları dərc edilir.

Məsələn, "Fakt" qəzetində gedən bir məqalədə Qərbin artıq Ermənistanda yalnız diplomatiyanı ələ keçirməyə çalışması deyil, həm də anti-Rusiya ab-havası yarada bilməsinə işarə vurulub. Qəzet iddia edib ki, Ermənistanda fəaliyyət göstərən Qərbin maliyyələşdirdiyi siyasi dairələr anti-Rusiya kampaniyasında əsas açar rolunu oynayırlar. Bəs gələcəkdə Qərb Ermənistan ərazisindən Rusiyaya zərbə vuracaqmı? Bu nə dərəcədə realdır?

Suallarımızı cavablandıran siyasi-şərhçi Asif Nərimanlı "Şərq"ə açıqlamasında vurğulayıb ki, Ermənistanın xarici siyasəti may ayında Ayvazyanın istefasından sonra başsız qalıb. O qeyd edib ki, yeni nazirin təyin olunmaması isə daxili böhrandan irəli gəlir:

"Lakin təbii ki, burada başqa səbəblər də mövcuddur. Qeyd edim ki, diplomatik korpusda Paşinyan hakimiyyətinin əleyhinə olan kadrlar var. Xüsusilə Avropa ölkələrindəki səfirliklərin əməkdaşlarının rəsmi İrəvanın siyasətini dəstəkləmədiyi haqda məlumatlar da olmaqdadır. Ayvazyanın istefadan öncə yeni təyin etdiyi 10-a yaxın diplomatın təyinatının ləğvi də bundan qaynaqlanırdı. Görünür, Paşinyan başsız qalan xarici siyasətdə mövqeləri aydınlaşdırmaq, təmizləmə prosesini həyata keçirmək niyyətindədir. Digər səbəb Ermənistanın xarici siyasət prioritetlərinin dəyişməsidir. Artıq Qarabağ məsələsi bitib, bunu etiraf etməsələr də, İrəvanda anlayırlar. Bu baxımdan, xarici siyasət idarəsinin önündə böyük məsələlər artıq yoxdur. Burada Armen Qriqoryanın Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilərək, Xarici İşlər Nazirliyinə müavini gətirilməsi diqqət çəkir. Qriqoryan inqilab zamanı Paşinyanın PR meneceri rolunu oynayırdı, yəni onun profili nə Təhlükəsizlik Şurasının katibi, nə də xarici işlər naziridir. Bu şəxs Qərbpərəstdir və Rusiya tərəfindən də qəbul edilmir". 

Analitik bəyan edib ki, hazırda Ermənistan-Rusiya münasibətlərini xarici siyasət idarəsindən daha çox, hərbi qurumlar tənzimləyir və müdafiə naziri postundan çıxarılan Vaqraşak Arutyunyanın məhz Təhlükəsizlik Şurasının katibi postuna gətiriləcəyi istisna deyil:

"Çünki Rusiya ilə yaxın münasibətləri olan Arutyunyanın İrəvan-Moskva xəttində de-fakto əlaqələndirici rolunu oynayacağı gözləniləndir. Paşinyan Qriqoryanı TŞ-nin katibi postundan çıxarmaqla Rusiyanın istəyini yerinə yetirir. Buna paralel olaraq, Xarici İşlər Nazirliyinə gətirməsi gələcək addımlarını anlamağa imkan verir. Birincisi, Qriqoryanın bu posta gətirilməsi erməni diasporu ilə İrəvan hakimiyyətinin əlaqələrinin yaxşılaşdırılması məqsədi daşıyır, xüsusilə diasporda gənc nəslin dəstəyinin əldə edilməsidir.

Müharibə və sonrakı dövrdə Paşinyan-diaspor əlaqələri ciddi şəkildə zədələnib. İkincisi, Qriqoryanı Təhlükəsizlik Şurasının katibi postundan çıxaran Paşinyan Rusiyaya jest etdiyi kimi, onu Xarici İşlər Nazirliyinə müavin gətirməklə Qərbə də jest edir. Bu, Ermənistanın xarici siyasətdə Qərblə yaxınlaşacağının işarəsi olaraq da qəbul edilə bilər.

Məlumatlar var ki, Qriqoryan yeni nazir təyin olunacaq. Lakin rusların etirazını nəzərə alsaq, fikrimcə, o, müavin postunda öz missiyasını yerinə yetirə, nazir postuna isə Rusiyanın da qəbul ediləcəyi şəxs gətirilə bilər. Buna baxmayaraq, xarici siyasət idarəsinin artıq Qərbyönümlü missiyanı yerinə yetirəcəyini düşünürəm. Və istisna deyil ki, Ermənistanda anti-Rusiya kampaniyasının idarəedilməsi də Qriqoryana həvalə edilsin. Qeyd etdiyim kimi, bu şəxs PR menecer olub və onun ən yaxşı bacardığı iş də kampaniyaların təşkil edilməsidir.

Lakin Qərbin Ermənistan ərazisindən Rusiyaya ciddi zərbələr vuracağı gözləntisi zəifdir, qarşıdakı dövrdə biz Paşinyan hakimiyyətinin ikili oynayacağını görə bilərik. Həm hərbi dairələr üzərindən Rusiya ilə münasibətləri saxlayacaq, həm də siyasi dairələr üzərindən anti-Rusiya əhval-ruhiyyəsini gücləndirəcək".