“Moskva Qarabağda qalmaq üçün Bakının yanında olmağa çalışacaq”
“Eyni zamanda Fransanın Minsk Qrupunun “çətiri” altında regiona gəlişinin qarşısını alacaq”
Qarabağ məsələsi ətrafındakı qovğa davam edir. Prezident İlham Əliyev artıq münaqişənin bitdiyini, statusun olmadığını deyir. Ermənistan hərbi-siyasi hakimiyyəti təxribatlarını davam etdirir. Rusiya isə hələlik səssizdir. Bir çox ekspertlər rəsmi Bakının anti-terror əməliyyatına başlayacağını iddia etsə də, bunu istisna edənlər də az deyil. Dəqiq olan İrəvanın əfi ilanlartək yenidən baş qaldırmasıdır.
“Sherg.az” olaraq son proseslərlə bağlı beynəlxalq məsələlər üzrə türkiyəli ekspert Murat Koçla söhbətləşdik:
- Məlum olduğu kimi, Ermənistan tərəfi yenə atəşkəsi pozur. Məğlub tərəf bunu niyə etsin?
- Əvvəla onu deyim kimi, Ermənistanın iddiaları davam etdikcə regionda sabitlik olmayacaq. Ermənistan daim Azərbaycanda torpaq istəyib. Yenə də istəyir. Yunanıstan Qərbdə nə edirsə, Ermənistan da Şərqdə onu edir. Şübhəsiz ki, Qərbin təhriklərinin İrəvanın bu “şıltaqlığında” mühüm rolu var. Xüsusilə Fransanın ritorikası proseslərin arxasında bu dövlətin dayandığını göstərir. Məqsəd həm də Türkiyənin fikrini yayındırmaq, onu zəiflətməkdir.
- Yeni müharibə ehtimalını necə qiymətləndirirsiniz?
- Rusiya istəməsə bu, mümkün deyil. Odur ki, yaxın gələcək üçün savaş gözlənilmir. Əks halda Moskva qalib tərəfin, yəni Azərbaycanın rəğbətini qazana bilməz. Moskva Qarabağda qalmaq üçün Bakının yanında olmağa çalışacaq. Eyni zamanda Fransanın Minsk Qrupunun “çətiri” altında regiona gəlişinin qarşısını alacaq. Kreml bölgədə hazırkı staus-kvonun qorunmasında maraqlıdır. Bu məqsədlə də Azərbaycandan yana addımlar atacaq.
- İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin arasındakı Moskva görüşü barədə nə deyə bilərsiniz?
- Rəsmi Bakı lazımi dəstəyi aldı. Bunu prezidentinizin açıqlamaları da göstərdi. Dediyim kimi, Moskva hazırkı status-kvonun qorunması üçün bizim maraqlarımıza uyğun müəyyən addımlar atacaq. Lakin bu, sadəcə siyasətdir, böyütmək lazım deyil.
- Müharibə dövründə Bakıya, Şuşaya atılan “İskəndər –M ” raketi məsələsindən necə istifadə etməliyik?
- Şərtlər hələ ki, bu məsələni gündəmə gətirmək üçün uyğun deyil. Lakin unutmamalıyıq ki, əlimizdə hər an yenidən müzakirəyə çıxara biləcəyimiz siyasi təzyiq aləti var. Zamanı yetişəndə mütləq istifadə edəcəyik.
- Bəs minalı ərazilərin xəritəsi necə olacaq?
- Fikrimcə, sözügedən məsələ beynəlxalq təşkilatların, xüsusilə BMT-nin köməyi ilə və Ottava razılığına əsasən beynəlxalq müstəviyə çıxarılmalıdır. Erməni terrorçuları ilə xəritələrin dəyişilməsi kifyayət deyil. Bu, məsələnin qapadılması olar. Halbuki biz məsələni qlobal müstəviyə daşımaqla onun uzunmüddətli həllinə nail ola bilərik. Beləliklə, həm də Ermənistanı dəstəkləyən bəzi Qərb dairələri qınaq obyektinə çevrilər.
- Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan yekun sülh müqaviləsini imzalamağa hazır olduğunu deyib. Bu indiki məqamda nə qədər realdır?
- Yekun sülh müqaviləsi nə vaxtsa mütləq imzalanacaq. Fəqət, bu, hazırkı durumda mümkün deyil. Əvvəlcə Naxçıvanla quru əlaqələri bərpa edilməli, Zəngəzur dəhlizi açılmalı və işlək vəziyyətə gətirilməlidir. Yəni hərbi qələbəmiz diplomatik müstəvidə də təsdiqlənməlidir. İndi Paşinyanın nə dediyi, nə istədiyi yox, qalib tərəfin, yəni Azərbaycanın şərtlərinin nə qədər yerinə yetirilməsi vacibdir. Elə etməliyik ki, gələcək nəsillərə problem qalmasın, ermənilər bir daha hansısa iddia ilə çıxış etməsinlər. Yalnız buna əmin olduqdan sonra yekun sülh müqaviləsini imzalamaq olar.