Sensasiya! - “Yekun sülh prosesi uzansa, irimiqyaslı müharibə...”

Sərhəddə təxribatlar davam edir. Düşmən silahları susmur.  Nəticə etibarı ilə tədricən Ermənistanın itkiləri artır, bizim isə səbr kasamız dolur. Müdafiə naziri Zakir Həsənov bu günlərdə sərhəddə baş verənlərə görə bütün məsuliyyətin qarşı tərəfin öhdəsinə düşdüyünü demişdi. Eynilə İkinci Qarabağ müharibəsində də olmuşdu.

Sanki ssenari təkrarlanır. Hər halda başlanğıc eynidir: təxribatlar, xəbərdarlıqlar, bəyanatlar...Bundan sonra nə olacağını isə politoloq Fikrət Sadıqovla müzakirə etdik. O. “Sherg.az”ın suallarını cavablandırdı:

-Növbəti savaş ehtimalını necə qiymətləndirirsiniz?

-Müharibədən danışmaq üçün hələ tezdir. Lakin düşmən layiqli cavabını alır və alacaq. Fikrimcə, bir az da belə davam etsə, cavablarımız kifayət qədər tutarlı olacaq.

-Ümumiyyətlə, məğlub tərəf niyə belə “şıltaqlıqlar” edir?

-Məqsəd sərhədlərin müəyyənləşməsinə, yekun sülh sazişinin imzalanmasına mane olmaqdır. Çünki  ermənilərin məskunlaşdığı torpaqlar bizim nəzarətimizə keçəcək. Bu, tarixi sənədlərə, xəritələrə əsasən olacaq. Odur ki,rəsmi İrəvan narahatdır. İkinci bir tərəfdən, Ermənistan dünya ictimaiyyətinin diqqətini çəkmək istəyir.

-Rusiya rəsmiləri tərəfləri məsələni diplomatik müstəvidə həll etməyə, sərhədlərin delimitasiyasına çağırırlar. Elə isə niyə buna mane olan tərəfə, yəni Ermənistana təzyiq göstərilmir?

-Məsələ ondan ibarətdir ki, Moskva həmin bəyanatları sadəcə səsləndirir. Lakin heç vaxt İrəvana təzyiq göstərilməyəcək. Çünki iki dövlət müttəfiqdir. Kremlin 44 günlük müharibədə neytrallığı Ermənistanın yanında olmaması kimi anlaşılmamalıdır. Eyni zamanda ABŞ, Fransa kimi başqa qüvvələrin İrəvanın “başını sığallaması” düşməni daha da azğınlaşdırır.

-Belə vəziyyətdə biz nə etməliyik?

-Bütün addımlarımız öz strateji maraqlaımıza xidmət etməlidir. Biz ancaq Türkiyə ilə Pakistana güvənə bilərik.

-Yekun sülh müqaviləsinin imzalanması barədə proqnozlarınız nədir?

-Dediyim kimi, Ermənistan bunu istəmir. Biz isə hazırıq. İrəvan beynəlxalq güclərin neytrallığından istifadə edir. Proses bir az da uzansa irimiqyaslı müharibənin başlanacağı istisna deyil. Və, şübhəsiz ki, “başı ağrıyan” yenə Ermənistan olacaq.