“Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycanda olarkən artıq tarixin arxivinə düşmüş terminlərdən istifadə etməməsi bu qurumun da yeni reallığı qəbul etdiyini göstərir”
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın telefon danışığı baş tutub. Tərəflər üçtərəfli bəyanatların icrası ilə bağlı və bölgədəki cari vəziyyətə dair fikir mübadiləsi aparıblar. Aİ-nin xüsusi nümayəndəsi iki dövlətin sərhəd bölgəsində yaşanan gərginlik barədə narahatlığını ifadə edib. Ceyhun Bayramov son günlərdə Ermənistan tərəfindən iki dövlətin sərhəd bölgəsində təxribatlar törədildiyi, bunun nəticəsində iyulun 23-də bir azərbaycanlı hərbi qulluqçunun şəhid olduğu, iyulun 28-də isə iki hərbi qulluqçumuzun yaralandığı haqqında məlumat verib.
Azərbaycan Silahlı Qüvvələrinin bu hərbi təxribatlara cavab tədbirləri həyata keçirdiyi və Azərbaycanın beynəlxalq sərhədlərini qoruduğu qarşı tərəfin diqqətinə çatdırılıb. Ermənistanın belə bir məsuliyyətsiz davranışa son verməli olduğu, üzərinə götürdüyü öhdəliklərə riayət etməli olduğu vurğulanıb. Azərbaycanın sərhəd gərginliyində maraqlı olmadığı və bu məsələlərin diplomatik yolla həllinin tərəfdarı olduğu Aİ xüsusi nümayəndəsinin diqqətinə çatdırılıb. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Millət vəkili Cavid Osmanov “Sherg.az”a açıqlamasında sözügedən telefon danışığının əhəmiyyətini yüksək qiymətləndirdi:
“Əlbəttə, regiondakı vəziyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, müvafiq qurumları müntəzəm məlumatlandırmaq bizim xeyrimizədir. Bu, bölgədə sülhə töhfə vermək deməkdir. Məsələ ondan ibarətdir ki, Azərbaycan 44 günlük müharibədəki qələbə ilə regionda yeni reallıq yaratdı. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycanda olarkən artıq tarixin arxivinə düşmüş terminlərdən istifadə etməməsi bu qurumun da yeni reallığı qəbul etdiyini göstərir”.
C.Osmanov, həmçinin İrəvanın təxribatlarından söz açdı:
“Ermənistan sərhədlərin müəyyənləşməsini və Zəngəzur dəhlizinin açılmasını istəmir. Bu məqsədlə də provokasiyalara əl atır. Şübhəsiz ki, düşməni stimullaşdıran qüvvələr var. Və onları Ermənistanın gələcəyi yox, bölgədəki ambisiyaları maraqanlandırır. Bir növ düşmən həmin qüvvələrin sifarişini yerinə yetirir. Lakin daha nəyəsə nail olmaq mümkün deyil. Bayaq söylədiyim faktorlar, həmçinin Prezident İlham Əliyevin siyasi iradəsi, regionda söz sahibi dövlətlərdən biri- Türkiyənin yanımızda olması yeni reallığın dəyişilməyəcəyini deməyə əsas verir”.