“ATƏT Minsk qrupunun həmsədrlərinin Ermənistan və Azərbaycan dövlət sərhəddində baş verən böhranla bağlı verdiyi bəyanat konkret olaraq böhranı dərinləşdirməkdən ibarətdir. Minsk Qrupunun məşğul olduğu münaqişə başa çatıb və bununla mandatı bitmiş hesab edilir”.
Bu sözləri MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.
O, daha ətraflı “Sherg.az”a danışdı:
“Azərbaycan tərəfi hüquqi-siyasi olaraq Minsk Qrupundan rəsmən imtina etməlidir. Həmsədrlərin dövlət sərhəddində baş verən insdentlərlə bağlı bəyanatı və onların vasitəçiliyi altında danışıqlar aparılmasına çağırması hüquqi və siyasi baxımdan yanlışdır. Çünki onlara belə bir mandat verilməyib. Minsk Qrupunun Qarabağda ermənilərin "statusu" ilə bağlı məsələni qabartması və bu aspektə danışıqların aparılmasına gəldikdə isə bu, yeni böhrana gətirib çıxara bilər. Ermənistan və Minsk Qrupu həmsədrləri yekun sülh sazişi istiqamətində, "status" məsələsində həmrəylik nümayiş etdirir. Bu istiqamətdə məsələnin BMT Təhlükəsizlik Şurasına çıxarılması gözlənilir”.