"Referendum keçiriləcəyi, eləcə də Milli Məclisin təkrarən buraxılacağı barədə əsassız məlumatların yayılması müəyyən radikal siyasi qüvvələrin maraqlarına xidmət edir"
Son dövrlər sosial şəbəkələrdə və bir sıra internet portallarında Konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçiriləcəyi, eləcə də Milli Məclisin təkrarən buraxılacağı barədə əsassız məlumatlar yayılır.
Millət vəkili Vüqar Bayramov "Sherg.az"a bildirib ki, yayılan xəbərlərdə bu mövqeni gücləndirən və ya isbat edən arqumentlər göstərilmir və sadəcə ümumi fikirlərə üstünlük verilir:
"Halbuki, biz son illər struktur islahatlarının genişlənməsini müşahidə edirik. Qeyri-neft sektorunun inkişafı ilə bağlı keçirilən tədbirlərinin önündə həmçinin strukturun daha təkmilləşdirilməsi durur. Azərbaycan Milli Məclisin VI çağırışı eyni zamanda məclisin idarəedilməsində dəyişikliklər və parlament stukturunun yeniləşməsi ilə yadda qaldı".
Millət vəkilinin sözlərinə görə, referendum keçiriləcəyi, eləcə də Milli Məclisin təkrarən buraxılacağı barədə əsassız məlumatların yayılması müəyyən radikal siyasi qüvvələrin maraqlarına xidmət edir:
"Son beynəlxalq hesabatlar da göstərir ki, Azərbaycanda dövlət idarəetməsində çeviklik artırıb və fərqli dövlət qurumları bir-birinin fəaliyyətini tamamlayır və idarəetmədə səmərəlliyin daha da yüksəlməsi müşahidə olunur".