Qardaş Türkiyədə yanğınlar davam edir. İnsanlar can verir, meşələr yanır. Avropa isə yenə də sanki qulağına qulaqcıq, gözünə günəş eynəyi taxıb. Nə eşidir, nə görür. Hərçənd hansısa Qərb ölkəsində bircə nəfərə qarşı zorakılıq tətbiq olunanda dünyanı ayağa qaldırırlar...
Millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə sözügedən ikili standartlarla bağlı “Sherg.az” a danışdı:
“Müraciətlərə əsasən Avropa Birliyi lazımi dəstəyi göstərəcək. Lakin məsələ ondan ibarətdir ki, Türkiyə NATO-nun üzvüdür. Həmin qurumun mizamnaməsinə əsasən nüzvlərdən birinə qarşı hücum, bütövlüklə təşkilata qarşı təxribat kimi qiymətləndirilir.
Və birgə səylər ortaya qoyulmalıdır. Lakin NATO dəfələrlə olduğutək, yenə də zəruri addımları atmır. Bu, ört-basdır edilən, lakin Avropada mövcud olan anti-islamizmlə bağlıdır.
Bəyanatlarla reallıqların üst-üstə düşməməsi təəssüf doğurur. Və bu, Qərbin siyasətinə inamı azaldır. Heyf ki, dünya ötən əsrin faciələrindən nəticə çıxarmır”.