Dünən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər Türkiyədə baş verən meşə yanğınları, yanğınların söndürülməsi əməliyyatları, habelə həyata keçirilən xilasetmə işləri ilə bağlı fikir mübadiləsi aparıblar. Azərbaycan dövlət başçısının tapşırığı ilə Türkiyəyə göndərilən yardımla bağlı, hər zamankı kimi, qardaş Türkiyənin yanında olduğumuzu qeyd edən nazir Ceyhun Bayramov, bundan sonra da hər cür yardımı göstərməyə hazır olduğumuzu vurğulayıb. Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Siyasi analitik Turab Rzayev Bakı ilə Ankara arasındakı müntəzəm təmasları “Sherg.az”a dəyərləndirdi:
“İndiki laqələr çoxdan olmalı idi. Hər iki cəmiyyətdə bir-birinə qarşı rəğbət var. Bu isə dövlət rəhbərlərinin qarşılıqlı qardaşlıq münasibətləri ilə nəticələnir. Biz fərqli sahələrdə bir-birimizə dəstək oluruq.
Yadınızdadırsa, Vanda zəlzələ baş verəndə Azərbaycan müraciət gözləmədən qardaş ölkəyə yardım göndərmişdi. Eləcə də Türkiyə lazımi məqamlarda bizim güman yerimiz olur”.
T.Rzayev, həmçinin dedi ki, bu praktika daha da genişlənməlidir:
“Digər ölkələr, o cümlədən Türkmənistanla, Özbəkistanla da oxşar əlaqələr yaradılmalıdır. Sovet dövründə münasibətlərimiz başqa cür idi. Bir-birimizin çatışmayan cəhətini tamamlamalıyıq”.