İranın Azərbaycana yönəlik siyasəti dəyişməyəcək


Tehran Azərbaycan əleyhinə olan bütün amillərdən hələ də öz xeyrinə istifadə etməyə davam edir

Azərbaycan nümayəndə heyəti İranın yeni seçilən Prezidenti İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana gedib. Bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi rəsmi tvitter hesabında paylaşım edib. Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Baş nazirin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavinləri daxildir. Səfir paylaşımında bildirib ki, qonşuların dostluq və qardaşlıq münasibətləri daimidir.

Səfərlə bağlı "Şərq"ə açıqlama verən politoloq Natiq Miri bir çox məsələlərə aydınlıq gətirib. O qeyd edib ki, İbrahim Rəisinin prezident kürsüsünə gəlməsi İran siyasətində heç nəyi dəyişməyəcək:

"İran bizim istəyimizdən asılı olmayaraq qonşuluqda davam edəcək. Ayrıca qonşu İranın bir də islam dövləti statusu var. Doğrudur, bu, görüntüdür. Şiə bayrağı altında guya şiələri İran dövləti altında birləşdirmək kimi fundamental siyasətin olduğunu biz müşahdə edirik. Ancaq realda tamamilə fərqli bir vəziyyət hökm sürür. Bu gün Ermənistan niyə İran üçün vacibdir? Ona görə ki, Ermənistan bir süni dövlət olaraq iki türk cümhuriyyəti arasında yaradılıb. Bu yolu kəsməklə Ermənistan vasitəsilə bütövlükdə bütün türk dünyasının birləşməsinin qarşısını alıblar. Bu bir qlobal layihədir və əlbəttə ki, İran da bu vəziyyətdən özünün bəhrəsi üçün istifadə edir. Çünki İran hər zaman Turanın əleyhinə olub. Bu günün özündə də dəyişən bir siyasət yoxdur. İran dövləti bir tərəfdən şiə siyasətini yürüdür, ancaq digər tərəfdən farsizm siyasətini yeridir. Bu da digərlərinin haqlarını, hüquqlarını ciddi şəkildə tapdalayır. Rəisi hakimiyyətə və prezident kürsüsünə gəlsə də İran siyasətində heç nə dəyişməyəcək. Azərbaycana münasibət eynilə davam edəcək".

N.Miri diqqətə çatdırıb ki, son günlərdə Zəngəzur bölgəsinə İranın Ermənistandakı səfiri ziyarət etdi. Əlbəttə ki, İran Zəngəzur dəhlizinin açılması məsələsindən çox narahatdır. Çünki narahatdır ki, gələcək perspektivdə vəziyyət tamamilə dəyişə bilər:

"Azərbaycan Türkiyə ilə Zəngəzur dəhlizini və onun ətrafındakı əraziləri öz nəzarətinə keçirə bilər. Yəni bu siyasət faktorunun özü də göstərir ki, Azərbaycana münasibət dəyişməyib. İran Azərbaycan əleyhinə olan bütün amillərdən hələ də öz xeyrinə istifadə etməyə davam edir. Buna görə də düşünmürəm ki, hər hansı prezidentin dəyişməsilə Azərbaycana olan münasibət dəyişəcək.

Doğrudur, Azərbaycanla olan iqtisadi, humanitar, mədəni, siyasi yöndə əməkdaşlıq davam edəcək. Yəni əvvəllərdə olduğu kimi, bu münasibətlərin davam etməsi məcburidir.  Ancaq Azərbaycana yönəlik xarici siyasət prioritetləri dəyişməyəcək. 

Adekvat olaraq, əlbəttə ki, eynilə Azərbaycan da ona olan münasibəti dəyişməməlidir.

Çünki dəfələrlə müşahidə etmişik ki, Azərbaycan İrana qarşı bir dostluq münasibətini nümayiş etdirir. Ancaq nəticə etibarilə biz dostluğu görməmişik. Hətta biz bunu 44 günlük müharibədə  görmədik. Çünki Vətən müharibəsində də  Ermənistana  İran vasitəsilə silahların daşınması hadisəsini gördük. Çox təəssüf ki, bu günün özündə də nömrələri dəyişməklə İran tırları hələ də Qarabağa silah daşımağa davam edirlər.

Bu nədir? Təbii ki, bu, düşmənçilik münasibətidir".