Keçmiş səfir: “Ermənistana qarant verənlər, vasitəçilər utansınlar”

Prezident İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsi zamanı bir çox mühüm məqamlara toxunub. O, bildirib ki, müharibədən bir ay sonra böyük bir təxribat qrupu bizim torpağımıza göndərilmişdi. Onlar həbs olundu, halbuki məhv edilə bilərdilər. Çünki onlar bizim 4 hərbçimizi öldürdülər, amma biz onlara dəymədik. Yəni, müharibənin öz qanunları var və hər şey gərək ləyaqətlə olsun”.

Prezident əlavə edib ki, müharibə də, mülki həyatda da, məişətdə də, evdə də, işdə də, siyasətdə də ləyaqət əsas prinsiplərdən biri olmalıdır:  “Ona görə indiki şəraitdə, əlbəttə ki, bizim başqa planlarımız var. Ancaq İkinci Qarabağ savaşı Azərbaycan xalqının tarixində əbədi qalacaq”.

Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç dövlət başçısının sözügedən bəyanatını “Sherg.az”a şərh etdi:

“Bizim üçün müharibə bitib. Artıq sülhə hazırlıq başlanmalıdır. Azərbaycan buna hazırdır. Rəsmi Bakının prioriteti Qarabağın minalardan təmizlənməsi, orada yenidənqurma işlərinin həyata keçirilməsi və əhalinin ata-baba yurduna köçürülməsidir. Artıq Qarabağda aeropotlar tikilir, yollar çəkilir. Bu, Azərbaycanın gələcək planlarından xəbər verir. Yeri gəlmişkən, məlum oldu ki, verilən xəritələr 25 faiz dəqiqdir. Qoy, Ermənistana qarant verənlər, vasitəçilər utansınlar”.

 H. Kılıç, həmçinin Ermənistanın revanşist niyyətindən söz açdı:

“Azərbaycan, həmçinin ordusunu komplektləşdirir, Türkiyənin NATO təcrübəsindən yararlanır. İrəvan isə müxtəlif bəyanatlar səsləndirir. Bu, onu göstərir ki, Azərbaycan gələcəklə, Ermənistan keçmişlə yaşayır. Düşmən müharibə istəyirsə, bunun cəzasını çəkəcək. Bakı hər senariyə hazırdır. Amma yaranan yeni reallıqla barışmaq, xaricdəki diasporun təsirindən çıxmaq, normal dövlətə çevrilmək Ermənistanın özünə xeyirdir. Əks halda başına gələcəklərə dözməlidir”.