Politoloq: “Söhbət ərazi iddialarından getsə, Azərbaycanın deməyə sözü daha çox olacaq”

Prezidenti İlham Əliyev Kəlbəcərə səfəri zamanı Qarabağın və Zəngəzurun tarixi Azərbaycan torpaqları olduğunu deyib. O, bildirib ki, bu ilin sonuna qədər həm Qarabağda, həm də Şərqi Zəngəzurda bütün elektrik təsərrüfatını quracağıq: “Bildiyiniz kimi, mənim Sərəncamımla 14 iqtisadi rayon yaradıldı. Onların arasında iki iqtisadi rayonun yaradılması diqqət çəkdi – Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı. Hesab edirəm ki, bu da çox düzgün addımdır. Bu, həm tarixə əsaslanır, eyni zamanda, gələcəyə əsaslanır. Çünki, həm Qarabağ, həm Zəngəzur bizim tarixi dədə-baba torpağımızdır. Qarabağ iqtisadi rayonunda bütün Qarabağ bölgəsinə aid olan rayonlar birləşdi. Şərqi Zəngəzur iqtisadi rayonunda Şərqi Zəngəzura aid olan rayonlar birləşdi”.

Dövlət başçısı, həmçinin vurğulayıb ki, Qərbi Zəngəzur isə hazırda Ermənistanın nəzarəti altındadır. Ancaq Zəngəzur dəhlizinin çəkilişi nəticəsində, əlbəttə ki, biz bu dəhlizdən istifadə edib öz vətəndaşlarımızı dədə-baba torpaqlarımıza qaytaracağıq. Belə planlar var və bu da təbiidir. Çünki bizim vətəndaşlar indiki Ermənistan ərazisindən, təkcə Zəngəzur mahalından yox, Göyçə mahalından da, - bura ilə həmsərhəddir, - zorla qovulmuşlar və onların tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar. Biz bunu sonrakı mərhələyə saxlayırıq.

Politoloq Tofiq Abbasov prezidentin sözügedən açıqlaması barədə “Sherg.az”a danışdı:

“Ermənistan yenidən saxta təbliğata başlayıb. Amma düşmənin qaldırdığı bütün məsələlər, o cümlədən ATƏT-in Minsk Qrupunu “reanimasiyadan çıxarmaq” cəhdləri artıq gündəmdən düşüb. Ermənistan yeni reallıqla barışmalıdır. Prezident qarşı tərəfə xatırlatdı ki, canfəşanlıq etməyə dəyməz. Söhbət ərazi iddialarından getsə, Azərbaycanın deməyə sözü daha çox olacaq”.

T. Abbasovun fikrincə, konstruktiv mövqe tutmaq bundan sonra düşmənin yeganə çıxış yoludur:

“Bolşeviklərin sayəsində torpaqlarımız ermənilərə verilib və orada dövlət qurublar. İndi isə sakit qalmalıdırlar. Biz ərazi bütövlüyümüzü təmin etmişik. Bundan sonra müharibə istəmirik. Lakin “Dəmir yumruq” yerindədir! Ermənistan unutmamalıdır ki, İrəvan da, Zəngəzur da, Göyçə də Azərbaycanın tarixi torpaqlarıdır. Necə deyərlər, bundan sonra papaqlarını qarşılarına qoyub düşünsünlər. Bölgədə sabitliyi pozmaq cəhdləri istənilən halda öz ziyanlarına olacaq”.