Deputat: "Laçın dəhlizini bağlaya bilərik”

Prezident İlham Əliyev “CNN Türk”ə müsahibəsi zamanı Rusiyaya xəbərdarlıq edib. Dövlət başçısı bildirib ki, İkinci Qarabağ savaşı dönəmində də Ermənistan döyüş meydanında ilk gündən məğlubiyyətə uğramağa başlamışdı. 44 gün ərzində hər gün biz irəli gedirdik, bir gün belə geri addım atmadıq. Hətta manevr etmək məqsədilə də geri addım atmadıq:

"Rusiyadan gözləntimiz odur ki, üçtərəfli Bəyanatın bütün müddəaları yerinə yetirilsin. Çünki bu üçtərəfli Bəyanatı Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri imzalamışlar və onların böyük qismi artıq gerçəkləşib. Amma bəzi məsələlər var ki, hələ də açıqdır. Gözləntimiz bundan ibarətdir. Rusiya Azərbaycanın qonşusu və Ermənistanın yaxın müttəfiqi kimi, əlbəttə, bu bölgədə xüsusi rol oynayır. Bu, təbiidir. Ümid edirik ki, Rusiya bundan sonra da bu bölgənin təhlükəsizliyi üçün öz səylərini əsirgəməsin və uzunmüddətli sülhü təmin etmək üçün addımlar atsın. Eyni zamanda, bizim gözləntimiz odur ki, Rusiya Ermənistanı silahlandırmasın. Biz bu məsələni Rusiya tərəfinə çatdırmışıq. Bu, bizi narahat edir”.

Millət vəkili Razi Nurullayev dövlət başçısının verdiyi mesajlar barədə “Sherg.az”a danışdı:

“Rusiyanın Qarabağdakı mövqeyi sülhməramlılıq fəaliyyətinə uyğun deyil. Müharibə dövründə də düşmənə silahlar, o cümlədən “İskəndər” raketi verilirdi. Görünür, Moskvanın başqa niyyətləri var. Rusiyanın Ermənistanı silahlandırıb müharibəyə təhrik etməsi dinc münasibətlərə, qonşuluğa və sülhməramlılıq mandatına uyğun deyil. Biz atacağımız addımlar barədə xəbərdarlıq edirik”.

 R. Nurullayevin sözlərinə görə, Rusiya və Ermənistanın qeyri-adekvat davramışları Azərbaycanın da üçtərəfli razılığı pozmasına zəmin yaradır:

“Əlbəttə, 10 noyabr və 11 yanvar bəyanatlarından çıxa bilərik. Amma bu, diplomatik müstəvidə özümüzü zəiflətməyimiz olar. Yəni belə addıma ehtiyac yoxdur. Moskva və İrəvan üçtərəfli anlaşmalardan çıxmaya-çıxamaya şərtləri gündə on dəfə pozur. Biz də razılığı bir dəfə pozaraq Laçın dəhlizini bağlaya və ya anti-terror əməliyyatları keçirə bilərik”.