“Əməl etməyəcəklərsə, deməli, müharibə və provokasiya tərəfdarlarıdırlar”
“Biz beynəlxalq təşkilatlardan yox, ümumiyyətlə, ermənilərdən bu mövzuda əl çəkməyəcəyik”
“Lazım olsa, daha yüksək səviyyədə çağırışlar edəcəyik”
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya məsələləri üzrə komitəsi Ermənistanı Azərbaycanın əvvəl işğal altında olmuş ərazilərində quraşdırılan bütün minaların xəritələrini verməyə çağırıb. Komitə İkinci Qarabağ müharibəsindən sonra qısa və uzunmüddətli perspektivdə humanitar fəsadların aradan qaldırılması üçün tərəflərə tövsiyələr hazırlayıb.Eyni zamanda, komitə noyabrda atəşin dayandırılmasından sonra 159 azərbaycanlının minaya düşməsi nəticəsində ölməsi və ya yaralanması ilə bağlı təəssüfləndiyini ifadə edib və Ermənistanı dərhal əlində olan mina xəritələrini təhvil verməyə çağırıb.
Sözügedən çağırışların müsbət nəticə verib-verməyəcəyinə dair “Sherg.az”a danışan AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov qeyd edib ki, bir neçə müddətdir Azərbaycan nümayəndə heyəti AŞPA-da növbəti sessiya üçün işə başlayıb:
“Nümayəndə heyətinin bir qismi Strasburqda canlı, digər qismi isə onlayn iştirak edəcək. Bu sessiyada Azərbaycan-Ermənistan müharibəsindən yaranmış fəsadlar adı altında məruzə də müzakirə olunacaq. Həmin məruzənin içərisində məhz AŞPA-nın etdiyi çağırışlar yer alır. Konkret olaraq Ermənistana çağırışlar var ki, mina xəritələrini tam şəkildə təhvil versin. Onlar bunu etmirlər, etdikləri də cuzi miqdardadır. Xəritələrin böyük hissəsi hələ qalıb və təhvil verilmir. Ona görə də belə çağırışlar hələ çox olacaq. Mina xəritələri ilə bağlı israrlarımızı demişik, Avropa Şurası və başqa beynəlxalq təşkilatlar da bu barədə xəbərdarlıqlar edir. Ancaq ermənilər çalışırdılar ki, məsələni hansısa formada ölkəmizdə əsirlikdə olan terroristlərlə bağlasınlar, humanitar məsələləri kənara qoyub başqa bəhanələr tapsınlar. Lakin bunu etmək mümkün deyil. Çünki bütün bunlar faktiki olaraq müaribənin davam etdirilməsi deməkdir. Sülh istəyirlərsə, mina xəritələrini təhvil verməlidirlər. Əməl etməyəcəklərsə, deməli müharibə və provakasiya tərəfdarlarıdırlar. Biz beynəlxalq təşkilatlardan yox, ümumiyyətlə, ermənilərdən bu mövzuda əl çəkməyəcəyik. Lazım olsa, daha yüksək səviyyədə çağırışlar edəcəyik”.
Yeganə Bayramova