Daxili və xarici güclər Paşinyana təzyiq göstərir
Baş nazir siyasi kursunu reallaşdırmaq üçün Koçaryan-Sarkisyan cütlüyünə qarşı sərt qərarlar verməlidir
Erməni xalqından ikinci dəfə mandat alan Baş nazir Nikol Paşinyanın imkanları var ki, 10 noyabr və 11 yanvar razılaşmalarının tələblərinə əməl etsin. İndiki şəraitdə bəyanatlarda göstərilən müddəaların icrası üçün fürsət yaranıb. Artıq İrəvan hökuməti özü də anlayır ki, çıxış yolu Azərbaycanla və Türkiyə ilə əməkdaşlıq yolunu tutmaqdadır.
Paşinyanın son günlər yumşaq ritorika sərgiləməsi, regional əməkdaşlıqdan danışması bunun bariz nümunəsidir. Problem isə ondadır ki, Ermənistanda Baş nazir Nikol Paşinyan hökumətinin addımlarına qarşı çıxan, əhalini revanşist əhval-ruhiyyəyə kökləməyə çalışan “Qarabağ klanı” var. Ermənistan parlamentində təmsilçilik hüququ qazanan revanşistlər ümumi siyasi kursa hansısa formada təsir göstərmək imkanına sahibdirlər. Onlar öz planlarını dəstək aldıqları Rusiya vasitəsi ilə həyata keçirirlər. İstənilən halda revanşist qüvvələr və radikallardan fərqli olaraq Paşinyan balanslı siyasət apara bilər. Ermənistanın inkişafı mövcud reallıqları, müharibənin nəticələrini qəbul etməklə mümkündür. Hər şeydən öncə İrəvan Azərbaycanın, Türkiyənin sərhədlərini tanımalı, delimitasiya və demarkasiya məsələlərini həll etməlidir. Yalnız ondan sonra bu ölkənin hansısa perspektivindən danışmaq olar.
Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə “Şərq”ə bildirib ki, Paşinyanın açıqlamalarından İrəvanın müəyyən praqmatik addımlar atmaq niyyəti görünür. Amma problem ondadır ki, bir çox riskləri gözə alan Ermənistanın yaxın müddətdə pozitiv addımlar atacağı ehtimal edilmir:
“Ölkə daxilində siyasi böhran yaşanmaqdadır və problemlər tam həllini tapmayıb. Rusiyayönlü qüvvələrin, əsasən də “Qarabağ klanı”na məxsus şəxslərin Türkiyə və Azərbaycanla əməkdaşlığından danışan Nikol Paşinyana təzyiq imkanları tükənməyib. Baş nazir siyasi kursunu reallaşdırmaq üçün öncə Koçaryan-Sarkisyan cütlüyünə qarşı sərt qərarlar verməlidir.
Bu iki şəxs gecikmədən həbs edilməli, törətdikləri cinayət əməlləri cəmiyyətdə ifşa olunmalıdır. Paşinyana səs vermiş kifayət qədər insan var.
Baş nazir arxasındakı gücdən düzgün istifadə etməyi bacarmalıdır. Xalqdan dəstək alarsa, tezliklə Azərbaycanla sərhəd məsələsini həll edər, Türkiyə ilə sərhədləri də açar. Əks halda quru bəyanatlar verməkdən o yana keçməyəcək”.
İsmayıl Qocayev