“10 noyabr razılaşmasının imzalanması ilə bu missiya öz fəaliyyətini başa vurub”
“Azərbaycanın rəsmi olaraq Dağlıq Qarabağ münaqişəsinin bitdiyini, tarixə qovuşduğunu bəyan etməsinə baxmayaraq, səfir Linni Treysi ATƏT-in Minsk qrupunun həmsədrlərinin işinin yenidən canlandırılması təşəbbüsü ilə çıxış edir, qondarma status məsələsini gündəmə gətirməklə beynəlxalq hüquqla norması olan dövlətlərin ərazi bütövlüyü prinsipinə zidd mövqe ifadə edir”.
Bu sözləri ABŞ-ın düşmən ölkədəki səfirinin fəaliyyəti barədə “Sherg.az”a danışan siyasi şərhçi Yeganə Hacıyeva deyib.
O, həmçinin qeyd edib ki, ABŞ-ın Ermənistandakı səfirinin Qarabağın gələcək statusu ilə bağlı səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur:
“Linni Treysi mütəmadi olaraq Azərbaycan-Ermənistan dövlət sərhədinə səfərlər edir, bu səfərlərdə dövlət sərhədi boyu Azərbaycan ordusunun mövqelərinin müşahidəsini aparır, Ermənistan-Azərbaycan sərhədindəki hadisələrdən narahatlığını ifadə edir. Dəfələrlə ABŞ-ın İrəvandakı səfiri Linni Treysi tərəfləri ən qısa zamanda Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqlara qayıtmağa çağırıb, status ilə bağlı müzakirələrin aparılması üçün təşəbbüslər irəli sürüb və s. Bu istiqamətdə səfir Treysin canfəşanlığı digər həmsədr ölkə Fransanın səfirinin açıqlamalarını da keçir. Baxmayaraq ki, Treysi ATƏT-in Minsk Qrupunun həmsədrlər ölkəsindən birinin Ermənistanda səfiridir, amma onun açıqlamaları Minsk Qrupunun həmsədrlərinin dilindən səslənməsi kimi görünür. ATƏT-in Minsk qrupu 30 ilə yaxın bir dövr ərzində öz fəaliyyətsizliyi ilə, faktiki nizamlama prosesini dondurmaqla, real təkliflər və təsiredici mexanizm ortaya qoymadan vaxt uzatmaqla özü-özünü proseslərdən kənarlaşdırdı. Bu isə həm də onun səylərini dəstəkləyən instansiyaları da prosesdən kənarda qoymaq idi. ATƏT-in Minsk formatı həm də ATƏT coğrafiyasında konfliktlərin həlli istiqamətində bir mexanizm kimi nəzərdə tutulurdu. Bu mexanizm isə heç bir konfliktin həllində özünü doğrultmadı, faydalı format kimi özünü təsdiqləmədi. 28 ildən sonra Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini özü icra edərək 44 gün ərzində torpaqlarını işğaldan azad etməyə müvəffəq oldu”.
Y.Hacıyevanın sözlərinə görə, bu illər ərzində ATƏT-in Minsk Qrupu formatı dəfələrlə həmsədr ölkələrin qərəzli mövqeyinə görə öz etimadını zədələyib:
“Torpaqları azad edəndən sonra aydın oldu ki, ATƏT-in Minsk Qrupunun gözü önündə bu illər ərzində Azərbaycan torpaqları, işğal altındakı ərazilərin təbii resursları talan olunub, ekoloji terrorlar həyata keçirilib. İki dəfə faktaraşdırıcı missiya ilə bu yerlərə səfər edən ATƏT-in Minsk Qrupu cinayətləri görməzdən gəldi. Bütün bunlar ATƏT-in Minsk Qrupunun üzvlərinin deyil, həm də onların səylərini dəstəkləyən instansiyaların reputasiyasına zərbə vurdu. İki dəfə faktaraşdırıcı missiya ilə bu yerlərə səfər edən ATƏT-in Minsk Qrupu cinayətləri görməzdən gəldi. Bütün bunlar qeyd etdiyim kimi, həmin qurumun üzvlərinin deyil, həm də onların səylərini dəstəkləyən instansiyaların reputasiyasına zərbə vurdu. Konkret status haqqında danışırıqsa, 44 günlük Vətən müharibəsi və sonrakı dövrdə Prezident İlham Əliyev Qarabağda ermənilərə hər hansı statusun verilməsinin mümkünsüzlüyü ilə bağlı dəfələrlə fikrini söyləyib. Daha sonra isə Qarabağ Azərbaycanın iqtisadi rayonlarının siyahısına əlavə olunub. ABŞ-ın İrəvandakı səfiri Linni Treysin status haqqında açıqlaması beynəlxalq hüquqla təmin olunan, ölkələrin hüquqi quruluşuna dair suveren qərarvermə proseslərinə uğursuz təsir cəhdləridir. Konkret olaraq ATƏT-in Minsk Qrupunun missiyası haqqında danışırıqsa , əslində 10 noyabr razılaşmasının imzalanması ilə bu missiya öz fəaliyyətini başa vurub. Bu gün üçün Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsində tək və işlək mexanizm ancaq 10 noyabr üçtərəfli razılaşmasıdır. 10 noyabr razılaşmasında isə Linni Treysin dayanmadan təkrarladığı məqamlar haqqında heç bir bənd yoxdur”.
Kənan Novruzov