Çıxış yolu yoxdur! – “Ermənistan üçtərəfli bəyanata əməl etməlidir”

İkinci Qarabağ müharibəsinin başlamasından bir il ötür. 44 günlük müharibə ərzində Azərbaycan 30 ilə yaxın işğal altında olan ərazilərini, o cümlədən Qarabağın bir hissəsini azad edib, Şuşaya bayrağını sancıb.
Keçən il noyabrın 10-da Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyi ilə müəyyən öhdəliklərin əks olunduğu atəşkəs sazişini imzaladı. 

Bu razılıq nəticəsində rus sülhməramlılarının gəlməsi, atəşkəsə nəzarət edəcək Rus-Türk Mərkəzinin qurulması iki ölkə arasında nəhayət ki, savaşa son veriləcəyi və sülh sazişinin imzalanacağı ümidlərini cücərtdi. Amma keçən bir il ərzində nəinki sülh sazişi imzalanıb, 10 noyabr bəyanatında nəzərdə tutulan nəqliyyat kommunikasiyalarının açılması baş verməyib.

Ermənilərin yaxın zamanda sülh müqaviləsini imzalayıb-imzalamayacağına dair fikirlərini “Sherg.az”la bölüşən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib ki, ermənilər matəmi sevir. Hazırda İkinci Qarabağ savaşındakı məğlubiyyətlərinin matəmini yaşayırlar:

“İndi isə üçünücü matəmə gedirlər və bundan sonra saktiləşəcəklər. Məlumdur ki, Rusiyanın Ermənistan üzərində bəzi təsirləri var. Ancaq ermənilər üçtərəfli bəyanata əməl etməlidirlər. Çünki başqa çıxış yolu yoxdur. Ermənistan bir tərəfdən kommunikasiyaların açılmasını söyləyir, ancaq digər tərəfdən bizi yalançı çıxarırlar. Guya Azərbaycan kommunikasiyaların açılmasına əngəl törədir. Amma mane törədən yeganə tərəf Paşinyan və Ermənistandır. Digər tərəfdən də Potidə limanı təmir edirlər ki, Ermənistan yükləri oradan keçsin. Dünyada ən qəliz məsələ ermənilərin ağıllanması və tərbiyələnməsidir. İki müharibə onların beyninə bəzi məsələləri yeridə bilib, ancaq üçüncü müharibə lazım olan bütün məqamları ermənilərin şüuruna yerləşdirəcək!”.

Yeganə Bayramova