Bakı Parisə "açıq qapı" saxladı

Fransa dövləti ATƏT-in önəmli ölkəsi kimi neytrallığını qorumalıdır

Fransa hər zaman Azərbaycanda dost ölkə hesab olunub. Biz bir çox iqtisadiyyat, ticarət və infrastruktur layihələrini həyata keçirmişik. Münasibətlər uğurla inkişaf edirdi və biz ümid edirik ki, Minsk qrupunun həmsədri və dürüst vasitəçi kimi Fransa bu vəzifəyə sadiq olacaq”.  
Bu sözləri Prezident İlham Əliyev Fransanın “France-24” televiziya kanalına müsahibəsində səsləndirib. Rəsmi Parisin mövqeyi ilə bağlı sualı cavablandıran ölkə rəhbəri qeyd edib ki, Fransa Minsk qrupunun həmsədri olmasaydı, istənilən ölkə ilə arzuladığı kimi münasibət qurardı: “Bizim Fransa ilə Ermənistanın tarixi əlaqələrindən, Fransada fəal erməni icmasının olmasından və onların qərar qəbul edən şəxslərə mümkün təsirindən xəbərimiz var. Ancaq, səmimi desəm, müharibə zamanı Fransa özünü dürüst vasitəçi kimi aparmadı. Fransa tərəf seçdi - Ermənistanın tərəfini. Özünün hərəkət və bəyanatlarında Azərbaycanı açıq şəkildə ittiham etdi və qərəzli yanaşma nümayiş etdirdi. Təbii ki, bu məsələ narahatlıq doğurdu”. 

Müharibə zamanı və ondan sonra baş verənlərə qayıtmaq istəmədiyini söyləyən dövlət başçısı bildirib ki, Parisdən gələcək münasibətlərlə bağlı aldıqları müsbət siqnallara adekvat cavab verilib: 

“Müxtəlif səviyyələrdə, o cümlədən bu yaxınlarda iki ölkənin xarici işlər nazirləri arasında təmaslar olub. Azərbaycan hər zaman əməkdaşlığa açıqdır. Fransa dünyada aparıcı dövlətlərdən biridir və biz normal münasibətlərin olmasını istəyirik”. Göründüyü kimi Prezidentin “France-24” telekanalına müsahibəsində Bakı-Paris siyasi münasibətlərindəki gərginliyin azaldılması üçün xoşməramlı bəyanatlar ön planda idi. Bununla yanaşı, dövlət başçısı rəsmi Parisin ATƏT-in Minsk qrupunun həmsədri mandatından kənara çıxaraq, Ermənistanın tərəfini tutduğunu da xatırlatdı. Siyasi şərhçilərə görə, Fransa Türkiyə faktoruna görə çox narahatdır. Fransa dünyanın güc mərkəzlərindən biri kimi proseslərdən kənarda qalmasını həzm edə bilmir. Maraqlarını təmin etməkdən çox ambisiyalarını ortaya qoyur. Həmçinin, Fransada fəal erməni icmasının siyasi dairələrə çıxış imkanları genişdir. Fransa rəhbərliyi erməni icmasını da elektorat kimi nəzərdən keçirir və onların xoşuna gəlmək üçün Ermənistanın işğalçı maraqlarını müdafiə edir. Bununla belə, dövlət başçısı İlham Əliyev müsahibədə əvvəl baş verənləri geridə qaldığını deməklə sülh üçün gələcəyə baxmağın formulunu ortaya qoyur və Parisdən gözləntini ifadə edir. 

BAXCP sədrinin müşaviri Azər Qasımov “Şərq”ə vurğulayıb ki, ölkə rəhbərinin çıxışındakı xoş niyyət təbii qəbul edilməlidir. Partiya rəsmisinin sözlərinə görə, hansı ölkə olmasından, bizə münasibətindən asılı olmayaraq, rəsmi Bakı çalışıb ki, əlaqələrdə gərginlik və qarşıdurma olmasın: 

“Bu, Azərbaycanın yürütdüyü siyasətin bir nümunəsidir. Fransa dövləti Avropanın, eyni zamanda ATƏT-in önəmli ölkəsi kimi neytrallığını qorumalı olduğu halda, əksər hallarda bunu unudub. Lobbilərin, icmaların maraqları baxımından çıxış edən vəkil statusunda hərəkət edib. Bu da Fransanın vasitəçi imicinə zərbə vurub. Hesab edirəm ki, Prezidentin “açıq qapı” buraxması rəhbərlikdən daha çox Fransanın dövlət imicini qorumaq üçündür. Avropanın və Avropa Birliyinin aparıcı ölkəsi hansısa lobbinin deyil, dövlət maraqlarından çıxış etməlidir. Fransa əsrlər boyu işğalçı siyasət yürütsə də, bu xalqın nümayəndələrinin azadlıq, müstəqillik uğrunda mübarizə aparmaqla digər xalqlara nümunə olduğu məlumdur. Prezident Fransanın yaddaşını təzələdi və rəsmi Parisə doğru yolun nə olduğunu göstərdi”. 

İsmayıl Qocayev