Rəsmi Bakı Kremldən tələb etməlidir: “Üçtərəfli razılaşmalara əməl olunsun”  

"Rusiya mövcud üçtərəfli razılaşmalardan irəli gələn vəzifələri yerinə yetirməyi əsas götürür".
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin mətbuat və informasiya departamentinin sədr müavini Aleksey Zaytsev həftəlik brifinqdə bildirib. O, son Qarabağ savaşının ildönümünə dair suallara cavab verərkən qeyd edib ki, münaqişədə həlak olanların yaxınlarının kədərinə tam olaraq şərik çıxırlar:

“Bu cür faciələrin gələcəkdə bir daha baş verməməsi üçün Azərbaycan, Rusiya və Ermənistan liderlərinin ötən il 10 noyabr və cari ilin 11 yanvar tarixli bəyanatlarının etibarlı zəmanət yaratmasına tam olaraq inanırıq”.

Rusiya XİN-in açıqlamasını “Sherg.az”a şərh edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, rəsmi Moskva müharibə bitdiyi gündən üçtərəfli razılaşmalardan bəhs edir:

“10 Noyabr  birgə bəyanatının  bir neçə bəndinə əsasən Rusiya öhdəliklərini yerinə  yetirməlidir. 

Birincisi, erməni silahlı birləşmələrini bu ərazilərdən çıxarılmalı, kommunikasiyalar açılmalı,  Azərbaycan məcburi  köçkünləri Ağdərə, Xocavənd və Xankəndində məskunlaşdırılmalıdır.  Həmçinin Rusiya burada vasitəçi tərəfdir və konkret olaraq  prosesi uzadır. 

Baş nazirlərin müavinlərinin iştirakı ilə üçtərəfli komissiyanın işini ləngidir. Strateji mütəffiqi olmasına baxmayaraq Ermənistana bununla bağlı təzyiq göstərmir.

 Rusiyanın Xarici İşlər Nazirliyinin bəyanatına deyil, onların real işlərə hansı töhfəni verəcəklərinə diqqət etməliyik. Bir il müddətində Rusiya tərəfi  sülhməramlıların  Qarabağdakı fəaliyyəti  ilə bağlı Azərbaycana problemlər yaradıb. 

Bu üzdən Rusiya XİN-in verdiyi bəyanatı rəsmi Bakı ciddi qəbul etməməlidir. Rusiyadan tələb etməlidir ki, üçtərəfli razılaşmalara əməl olunsun”.