Putin-Paşinyan görüşü: Masada nələr olacaq? – ŞƏRH 

Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşüb. Rusiyalı spiker bildirib ki, yaxın günlərdə Ermənistan və Rusiya liderləri Nikol Paşinyanla Vladimir Putin arasında daha bir əyani görüşə hazırlıq görülür.V.Matvienko N.Paşinyan ilə V.Putinin indiyədək 3 dəfə əyani, 14 dəfə telefon vasitəsilə görüşdüklərini də dilə gətirib.

Məlum görüşün məqsədi ilə bağlı “Sherg.az”a danışan politoloq İlqar Vəlizadə görüş zamanı Rusiya-Ermənistan münasibətləri, eyni zamanda regionda baş verən hadisələrin müzakirə olunacağını söyləyib:

 “Düşünürəm ki, tərəflər regionun kommunikasiyalarının blokadadan çıxarılmasına dair fikir mübadiləsi aparacaqlar. Çünki bu, Rusiyanın marağındadır. Ermənistan tərəfi isə son açıqlamalarında buna etiraz etmədiyini açıqlayıb. 

Amma burada müəyyən əngəllər var: Ermənistan tərəfi dəmir yol xəttinin açılmasını istəyir, lakin avtomobil yolunun açılmasına qarşıdır. Eyni zamanda belə təsəvvür yaradır ki, guya Zəngəzur dəhlizi Ermənistanın təhlükəsizliyinə müəyyən təhdid yaradır. 

Düşünürəm ki, bununla bağlı da fikir mübadiləsi aparılacaq. Görüş zamanı Ermənistanın kritik vəziyyətdən çıxarılması ilə bağlı hansısa addımların atılması da müəyyənləşdiriləcək. Həmçinin sərhədlərin delimitasiyasına dair fikir mübadiləsi aparılacaq.

  Yəqin ki, Ermənistan tərəfi bu məsələyə rusiyalı sərhədçilərin cəlb olunması ilə bağlı fikirlər söyləyəcək”.