Yeni geosiyasi mənzərə:“Paşinyan bu görüşə məhkumdur”

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl rayonunda səfərdə olub. Ölkə başçısı səfər zamanı mühüm açıqlama və mesajlar verib.
Prezident Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib ki, biz regionun gələcək inkişafı ilə bağlı əməkdaşlığa hazırıq:“Bu yaxınlarda Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşmüşdülər. 

BMT Baş Assambleyasının sessiyasının əsnasında, o cümlədən onlar arasında ikitərəfli görüş olub. Mənə bizim xarici işlər naziri məruzə elədi və bildirdi ki, görüş konstruktiv keçib. Biz də elə bunun tərəfdarıyıq.

Bu yaxınlarda mən demişdim ki, Ermənistanın baş naziri ilə görüşməyə hazıram. O da demişdi ki, hazırdır. Yəni, bu nəyi göstərir? Bu, onu göstərir ki, bizim gündəliyimiz artıq burada qəbul olunur.

Bəziləri, yəqin ki, bundan narahatdır. Amma əsas odur ki, Azərbaycanla Ermənistan arasında barışıq olsun, yəni sülh müqaviləsi imzalansın. Biz bunu istəyirik”.

Əliyevlə Paşinyan arasında gözlənilən görüşdən bölgədə sülh, əmin-amanlıq, tərəqqi və inkişafı görmək istəməyən qüvvələrin narahat olduğunu vurğulayan Azərbaycanın Avropa Şurası Parlament Assembleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov “Sherg.az”a bildirib ki, dövlətimizin şanlı qələbəsindən sonra həm bölgəyə haqq-ədalət qayıtdı, həm də sülhün, inkişafın, xalqlar arasında normal münasibətin formalaşması üçün ciddi zəmin yarandı:

“Təbii ki, Prezidentin dediyi həmin qüvvələr bölgədə müsbət proseslərin baş verməsinin marağında deyillər. Onlar bölgədə hökmranlıq etmək niyyətindədirlər və 30 il ərzində münaqişədən bəhrələnib niyyətlərini ortaya qoyublar. Provokativ şəkildə və revanşist ideyalarla hansısa qətnamələrin qəbul olunmasına, Azərbaycana qarşı addımların atılması və dünyaya yalan-böhtanın çatdırılması ilə məşğul olublar. Həmin qüvvələr bir mənbədə formalaşmayıblar. Regionda gedən proseslər həm Ermənistanın, həm bəzi qonşu dövlətlərin, həm də beynəlxalq qurumların içərisində olan bəzi qruplara sərf etmir. 

Bir tərəfdən ABŞ Konqresində erməni lobbisinin ölkəmizə qarşı irəli sürdüyü məsələlər, digər tərəfdən İrandan tamamilə yalan, böhtan və heç bir həqiqəti əks etdirməyən mesajlar, Ermənistanın içində olan revanşist qüvvələr, beynəlxalq təşkilatlar içində Azərbaycana qarşı işləyən qüvvələr var. Onların hamısını bir məsələ birləşdirir: 30 il ərzində regionda hökm sürmələrinə, söz sahibi olmalarına son qoyuldu! Hazırda isə cənab Prezident demişkən, regionda sabitlik və əmin-amanlığın çarçısı Azərbaycan ordusu və xalqı, o cümlədən, Türkiyə və Rusiyadır. Bu yeni geosiyasi mənzərəyə başqa yöndən baxmaq istəyən qüvvələr müxtəlif provokasiyalara əl atacaqlar”.

S.Seyidovun sözlərinə görə, bu gün Azərbaycanın yaratdığı geosiyasi reallıq o dərəcədə güclüdür ki, Paşinyan bu görüşə məhkumdur:

“Söhbət yalnız Paşinyanın görüşə hazır olmağından getmir. Ümumiyyətlə, onun siyasi səhnədə qalması, Ermənistanın gələcəyi, erməni xalqının başqa xalqlar kimi regionda yaşaması və normal münasibətlərin olması üçün mütləq Azərbaycanla danışmalı, ölkəmizin haqlı fəlsəfəsini qəbul etməli və görüşlərdə iştirak etməlidir. 

Paşinyanın başqa yolu hansısa formada müharibə və revanşist hərəkətlər ola bilər. Bu yol da Ermənistanı uçuruma aparır və “dəmir yumruğu” işə salır. 

Ona görə reallığı dərk edirlərsə, təbii ki, Azərbaycanla danışıqlara gəlməlidirlər”.