““3+3” formatı üçün danışıqlar gedir”

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 5-də bu ölkənin müdafiə naziri Cuanşer Burçuladze ilə görüşüb. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın müxtəlif sahələri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətlərimiz arasında müdafiə sahəsində əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyi xüsusi vurğulanıb.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan tərəflər ölkələrimizin ərazi bütövlüyünün qarşılıqlı şəkildə dəstəklənməsinin vacibliyini qeyd edərək ikitərəfli hərbi əməkdaşlığın inkişafının bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyini bildirib.
Görüşün sonunda Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Gürcüstan Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlıq planı imzalanıb.

Görüşün əhəmiyyəti barədə fikirlərini “Sherg.az”la bölüşən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc qeyd edib ki, Gürcüstanın 44 günlük savaş dövründəki davranışları iki ölkə arasındakı dərin tarixi və xoş münasibətlərin olduğunu göstərdi. Parlament üzvü vurğulayıb ki, Gürcüstan Azərbaycanın qələbəsinin onların mənafeyinə zərbə vurmayacağını, əksinə regionda yeni bir təhlükəsizlik arxitekturası və siyasi düzənin formalaşacağını yaxşı bilir:

“Bu, Qafqazlarda on illər ərzində baş verən parçalanmaların aradan qaldırılmasının zəminidir. Gürcüstan Azərbaycan-Ermənistan arasında həm minalı ərazilərin xəritəsinin, həm ölkəmizdə olan erməni hərbçilərinin təhvil verilməsi istiqamətində diplomatiyanın qurulmasında iştirak edib. Bu iştirak Gürcüstanın səmimi mövqedə olduğunu sübut edir. Azərbaycan və Gürcüstanın bir sıra prinsipial məsələdə maraqları fərqlənir, bu da təbiidir. Çünki ölkələrin xarici siyasət kursu eyni ola bilməz”.

Z.Oruc onu da diqqətə çatdırıb ki, Gürcüstanda müdafiə nazirlərinin görüşü və tribunadan verilən mesajlar regionda sülhə, əmin-amanlığa və təhlükəsizliyə xidmət edir:

“Unutmayaq ki, bu gün regionda həqiqətən də suverenliyimizin bərqərar olması və ərzi bütövlüymüzün təmini yeni geopolitik düzən yaradıb. Bu zaman fərqli formatlar meydana çıxa bilər və yeni ittifaqların quruculuğu şübhəsizdir. Məsələn “3+3” formatı üçün danışıqlar gedir. Bu, öz-özlüyündə düşünməyə imkan verir ki, həqiqətən də bölgədə uzun illər olan parçalanma və qarşıdurma siyasi bir mərhələ kimi bağlanmaqdadır. İlham Əliyevin bir lider, Prezident və Ali Baş Komandan kimi sərgilədiyi model yalnız işğala qarşı və yaxud regionda mifik ideyalar üzərində beynəlxalq hüququ məhv edən dövlətlər əleyhinə fəaliyyət deyil. Ölkə başçsı həmçinin separatizmin, qarşıdurmanın, xalqlararası nifrətin bağlanmasına şərait yaratdı. Cənubi Qafqazda sülh və barış kursu Azərbaycanın hazırkı siyasətinin adıdır. Buna dözməyən dövlətlər var. Məsələn, İranın davranışları, son dönəmlərdəki addımları, bəyanatları və ortaya qoyduqları mövqelər əsla qəbuledilməzdir. Lakin bütün hallarda bunların da həll ediləcəyinə inanırıq. Azərbaycanın qələbəsi faktdır və bunu qəbul etmək lazımdır”.

Millət vəkilinin sözlərinə görə, bu gün Azərbaycanın rolu və missiyası Gürcüstan üçün bir model, nümunə və simvoldur:

“Onlar bundan faydalanmağa can atır və mövcud durumun bəhrəsini görmək istəyirlər. Ona görə də Azərbaycanın iqtisadi, siyasi və hərbi qurumları ilə inteqrasiya və əlaqələri qurur, hər hansı bir qeyri-səmimilik göstərmirlər. Zəngəzur dəhlizi açılacağı təqdirdə Gürcüstanın iqtisadi durumu fərqli  fazaya daxil olacaq. Ancaq yaxın qonşular, xüsusilə Azərbaycanla münasibətləri bir inkişaf xətti üzərində qurmağa çalışırlar. Bu gün Azərbaycan və Türkiyə Gürcüstan üçün quruculuğa və birləşdiriciliyə xidmət edir. Əminəm ki, Türkiyə və Azərbaycan da Gürcüstanın müstəqil dövlət kimi yaşamasında öz rollarını oynayacaq”.