Ocaq Necatın Bakıdakı ofisi bağlandı: “Bu, İranın təhdidlərinə cavabdır"

“Rəsmi Bakı bəzi mesajlar verməklə, öz mövqeyini qoruduğunu da sezdirir”

“Daxil İşlər Nazirliyinin atdığı son addımlar da məhz dövlətlərarası gərginliyin fonunda verilmiş mesajdır”

“Son vaxtlar Azərbaycan Prezidenti İlham Əliyevin açıqlamalarında da qarşı tərəfə yönəlik ciddi və önəmli mesajlar var”

“Hətta Azərbaycan Prezidentinin işğaldan azad olunmuş ərazilərə səfəri çəkdirdiyi bəzi fotolar da mesaj xarakteri daşıyır”

Bakıdakı Hüseyniyyə məscidi bağlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.

 O, qeyd edib ki, paytaxtın bir neçə yerində son günlər COVID-19 virusuna yoluxanların sayı artıb:

 “Bu gün günorta saatlarında polis əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə ofisin yerləşdiyi Hüseyniyyə məscidinə baxış keçirilib və ibadət yerinin fəaliyyəti dayandırılıb. Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür”.

 Qeyd edək ki, İran İslam Respublikasının ali rəhbəri ayətullah Seyyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Ocaq Necatın ofisi Hüseyniyyə məscidində yerləşir.

 Rəsmi Bakının atdığı bu addımın səbəbləri sırasında pandemiyanın da ola biləcəyini söyləyən “Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli bildirib ki, virusa yoluxma sayının əsas səbəb olmadığı qətiyyən şübhə doğurmur:

 “Məsələ ondadır ki, bu hadisə İranın Azərbaycana qarşı güc nümayişi və təhdidləri fonunda baş verib. İran-Azərbaycan münasibətlərində gərginlik hələ bir müddət davam edəcək. Çünki İran İkinci Qarabağ savaşı zamanı yanlış seçim edib, rəsmi Tehran haqsız tərəfin - Ermənistanın yanında yer alıb. Ermənistan isə məğlub olduğundan indi savaşın nəticələri İranın maraqlarına ziddir. İran bölgədə özü üçün umduğu geopolitik rolu ala bilmir. Ona görə də, regionda gərginlik yaradıb, vəziyyəti öz xeyrinə dəyişə biləcəyinə ümid bəsləyir.

Ancaq İranın təhdid dolu manevrləri müsbət nəticə şansından çox uzaqdır. Çünki indiki vəziyyəti yalnız yeni müharibə və onun fərqli nəticələri dəyişə bilər. Təhdidlər ilə belə məsələləri həll eləmək çox çətindir”.

 E.Xalidbəylinin qənaətincə, nə qədər təhdid etsə də, İranın Azərbaycana qarşı müharibəyə başlaması qətiyyən inandırıcı deyil:

“Birincisi, Azərbaycan artıq 20-25 il əvvəlki kimi zəif dövlət deyil. İndi Azərbaycan modern orduya və ən müasir silahlara malikdir. Digər tərəfdən, Azərbaycanın beynəlxalq gücü də rəqibləri üçün ciddi problemdir. Növbəti savaşa bəzi ölkələr də qarışa bilər. Çünki regionda bir çox ölkələrin ciddi maraqlar var.

Ona görə də, savaşın ola biləcəyi qətiyyən real görünmür. Böyük ehtimalla Azərbaycan və İran arasında gərginlik bir müddət davam etsə belə, qarşıduran tərəflər istənilən halda, siyasi-diolomatik təmaslara üstünlük verəcəklər və son nəticədə bir-biri ilə anlaşacaqlar. Və narazılıqlar sülh yolu ilə həll olunacaq.

Hələlik isə hər iki tərəf bir-birinə müəyyən mesajlar verir. Rəsmi Bakı İranın təhdidlərinə maksimum səviyyədə səbrli və təmkinli yanaşmağa çalışır. Ancaq bununla belə, rəsmi Bakı bəzi mesajlar verməklə, öz mövqeyini qoruduğunu da sezdirir. Daxil İşlər Nazirliyinin atdığı son addımlar da məhz dövlətlərarası gərginliyin fonunda verilmiş mesajdır. Son vaxtlar Azərbaycan Prezidenti İlham Əliyevin açıqlamalarında da qarşı tərəfə yönəlik ciddi və önəmli mesajlar var. Hətta Azərbaycan Prezidentinin işğaldan azad olunmuş ərazilərə səfəri çəkdirdiyi bəzi fotolar da mesaj xarakteri daşıyır.

Ancaq bütün hallarda Azərbaycan və İranın anlaşacağı münasibətlərin yenidən normal əməkdaşlıq məcrasına qaytarılacağı qətiyyən şübhə doğurmur”.