Gürcüstanda azərbaycandilli məktəblər bağlanır:“Milli kadrlar yoxdur” 

Hazırda Gürcüstanda 116 azərbaycandilli və Azərbaycan bölməsinin olduğu məktəb fəaliyyət göstərir.
Bu barədə Gürcüstanın Təhsil və Elm Nazirliyinin Təhsilin İdarəolunması üzrə İnformasiya Sistemi Mərkəzindən mətbuata açıqlama  verilib. Həmçinin bildirilib ki, illik müqayisədə say baxımından 3 məktəb azalıb. Ötən il qonşu ölkədə 119 azərbaycandilli məktəb olub. Ümumilikdə son iki ildə Gürcüstanda 4 azərbaycandilli məktəbin fəaliyyəti dayandırılıb.

Tarixçi-alim Kərəm Məmmədov “Sherg.az”a açıqlamasında “Borçalı” cəmiyyətinə sədr seçildiyi zaman məktəblərlə bağlı məsələni gündəmə gətirdiyini söyləyib:

“Bildirdim ki, bizə deyib-gülmək, saz çalmaq deyil, məktəblərimizi inkişaf  etdirmək lazımdır. Qeyd edim ki, dövlətimiz orada mütəxəssislər yetişdirmək üçün Qazaxda Bakı Dövlət Universitetinin filialını açıb milli kadrların yetişməsinə şərait yaratdı. Lakin iki ölkə arasındakı qəbul proqramında fərqlər var. Gürcüstanda da görürlər ki, azərbaycandilli məktəblərdə çalışacaq milli kadrlar yoxdur, həmin təhsil müəssisələrini gürcüləşdirirlər. Bir millət məktəbini itiriməklə, dilini milli-mənəviyyatını da unudur. Təbii bu problemin bir neçə həll yolu var. Məsələn, Sovet dönəmində Gürcüstanda yaşayan həmvətənlərimiz Bakıda təhsil ala bilirdilər. Bunun da bir limiti olurdu.  Gəlirdilər, təhsil alırdılar, Gürcüstana qayıdıb müəllim kimi işləyirdilər. İndi isə proqram fərqlidir. Bu Nazirlər Kabineti səviyyəsində həll oluna bilər”.