Saakaşvili unudulmaqdadır

Əhəd Məmmədli: "Həbs etdilərmi, etdilər, arxasında duran varmı, yoxdur"

“Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin gəlişi bir gerçəkliyi ortaya çıxardı ki, heç də gürcü xalqının çoxu onu istəmir”. Bu barədə “Şərq”ə siyasi şərhçi Əhəd Məmmədli deyib. Analitik bildirib ki, gürcü müxalifətinin özü belə onu vahid lider kimi qəbul etmir: “Bizdə bəziləri deyir ki, ay gürcü xalqı Saakaşvilini belə sevir, elə sevir. Belə idisə, indi Tiflisdə meydanlar dolmuşdu, gürcü xalqı azından həbsxananın önünə axışmışdı. Amma bunlar yaşanmadı. 

Bir sözlə, Saakaşvili unudulmaqdadır. Görünür, kimlərsə ona yalan danışıb. İnanmışdı ki, xalq onun arxasında dayanacaq. Saakaşvili silinmiş bir adamdır. 

Artıq o, keçmişdir. Qərbin projesi idi, oldu, keçdi. Müsbətləri də, mənfiləri də oldu. Gürcü xalqı üçün Mişa bitib. Gələcəklərini onunla görmürlər. Həbs etdilərmi, etdilər, arxasında duran varmı, yoxdur”. 

Ə.Məmmədliyə görə, Qərb hər zaman güclə hesablaşıb: 

“Gücün yoxdursa, arxandan çəkiləcək. Qərb qeyri-sabit tərəfdaşdır. Vaxtilə Saakaşvili də etiraf etmişdi ki, Osetiyada müharibəyə başlayanda Qərb arxasında durmayıb. 

Onlar gücə dəstək verirlər. Ümumiyyətlə, dünya belədir. Saakaşvili, Navalnı kimi postsovet məkanında Qərbin projeləri çökmək üzrədir. 

Bu da onu göstərəcək ki, postsovet məkanının xalqları artıq projelərə yox, xalqdan çıxan, xalqın sevgisini qazanan liderlərə inanırlar. Bu, Azərbaycan üçün də keçərlidir”.