Ərdoğan vaz keçməyəcək

İngilis qəzeti yazır ki, Co Bayden küncə sıxışdırıldı

Böyük Britaniyanın nüfuzlu “Financial Times” qəzeti Türkiyənin F 35 qırıcılarını almasına əngəl yaradan ABŞ-ın bu qərara görə, çətin vəziyyətə düşdüyünü yazıb.

“Şərq” qəzeti Türkiyə mətbuatına istinadən xəbər verir ki, nəşrdə dərc olunan məqalədə “Qərb ölkələri təşviş içində” ifadələri yer alıb. “Türkiyənin qırıcı axtarışı Co Baydeni küncə sıxışdırdı” başlıqlı yazıda vurğulanıb ki, Türkiyə yaxın günlərdə yerli istehsalı olan qırıcılarla hava məkanına daxil olacaq. Amma ona qədər müvəqqəti olaraq F 16-la davam etməyi qərara alıb. 

Yunanıstanın Fransız istehsalı olan “rafale” qırıcıları və F 35-lər aldığı bir zamanda Ankara-Vaşinqton arasında yeni bir anlaşma mümkündür. ABŞ-la bağlanmış saziş Türkiyənin hava hücumundan müdafiə qüvvələrinin yenilənməsinə səbəb olacaq. Türk diplomat olan Alper Coşkun iki ölkə üçün önəmli bir fürsətin yarandığını söyləyib. ABŞ-ın Ankaranın qırıcılarla bağlı təklifini qəbul edib-etməyəcəyi bəlli deyil”. 

Nəşr qeyd edib ki, Konqresin Türkiyəyə satışa veto qoyması ehtimalı da güclüdür. Amma məsələ ondadır ki, Ağ Ev Türkiyənin Rusiyadan aldığı S 400 müdafiə sistemlərinə cavab olaraq F 35 qırıcılarını satmaqdan imtina edib. F 16-larla bağlı hansısa qadağa mövcud deyil. 

Xarici Siyasət Araşdırma İnstitutunun Yaxın Şərq proqramının direktoru Aron Steyn bildirib ki, böyük ehtimal Konqres Ərdoğandan Rusiya silah sistemlərinə az maraq göstərməsini və ikinci satışı həyata keçirməməsini istəyəcək. Lakin Steynin sözlərinə görə, Türkiyə liderinin geri addım atacağı inandırıcı deyil. Onun fikrincə, burada küncə sıxılan Ərdoğan yox, ABŞ rəhbərliyidir”.