"Hərbçimizin qətlə yetirilməsi cavabsız qalmayacaq"-Politoloq

“Separatçılar Qarabağda yaşayan erməniləri sakitləşdirməyə çalışırlar. Açıqlama veriblər ki, vəziyyət guya sabitləşib və təhlükəyə əsas yoxdur”. 

“Sherg.az”ın xəbərinə görə, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. 

Politoloq bildirib ki, erməni separatçıları anlayırlar ki, bu cür gərgin şəraitdə Qarabağdan erməni köçü arta bilər: 

“Ancaq erməni separatçıları onu da anlamalıydılar ki, Azərbaycan hərbçisinin snayper atəşi ilə qətlə yetirilməsi cavabsız qalmayacaq. Son hadisə həm də onu göstərir ki, erməni separatçıları bölgədə postları olan rusiyalı hərbçilərə etibar etməməlidirlər. Rusiya hərbçiləri onları Azərbaycan tərəfinin intiqam əməliyyatlarından qoruya bilməyəcəklər. Beləliklə, işğaldan əvvəlki dövrə - snayper müharibəsinə qayıtdıq. Separatçılar rusiyalı hərbçilərin arxasından Azərbaycan hərbçilərinə atəş açarkən düşünürdülər ki, özlərini qoruya biləcəklər. Ancaq bunun erməni separatçılarına faydası yoxdur. Çünki cavab atəşiylə onlar daha çox itki verirlər. Bu gərginlik Qarabağda yaşayan erməniləri də çox qorxudur və onlar gələcəkləri üçün daha çox narahat olmağa başlayıblar. Bu narahatlıq əsaslıdır. Qarabağdakı erməni separatçıları tərksilah olunmayınca vəziyyət gərgin olaraq qalacaq. Bunu hamı anlamalıdır. Snayper müharibəsini nə bölgədəki rusiyalı hərbçilər, nə də Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi qarşısını ala bilər”.