Paşinyana ciddi müqavimət var

Hökumətin atmaq istədiyi pozitiv addımları bloklayırlar

"Problem ondadır ki, Ermənistan hökuməti hələ də sarkisyanlardan, koçaryanlardan təmizlənməyib"

44 günlük müharibədən 1il ötsə də, Ermənistan ictimaiyyətinin hökumətə etirazı səngimir. Təkcə sıravi vətəndaşlar deyil, indiki və sabiq deputatlar, siyasilər, ekspertlər də Paşinyan hökumətini ciddi tənqid edir, ölkənin dağıldığını, əhalinin sürətlə xaricə qaçdığını vurğulayırlar. Ermənistanın “Past” nəşri yazır ki, müharibədən bir il vaxt keçsə də, dövlət idarəetmə sistemi hələ də böhran vəziyyətindən çıxa bilmir: “Niyə belə alındı? Axı həmin Paşinyan dövlət idarəetmə sisteminə yeni nəfəs verəcəyinə söz vermişdi”. 

“Mənim şərəfim” parlament fraksiyasının deputatı, təhlükəsizlik məsələləri üzrə ekspert Tiqran Abramyan vurğulayıb ki, aparılan islahatların mahiyyəti aydın deyil. Onun sözlərinə görə, dövlət qurumları heç bir müraciətə cavab vermir, insanların narahatlığını aradan qaldırmır. Məlumat üçün deyək ki, 2021-ci ilin 9 ayı ərzində təkcə hava yolu ilə Ermənistanı tərk edənlərin ümumi sayı gələnlərin sayından 75 min nəfər çox olub. Lakin ölkədən quru yolu ilə qaçanların sayı daha çoxdur. Ümumən, 1992-ci ilin əvvəlində Ermənistan əhalisinin sayı 3 milyon 633 min nəfər idisə, 2020-ci ildə bu say 2 milyon 967 min nəfərə düşüb. Müharibədən sonra isə Ermənistandan miqrasiya kütləvi hal alıb. Məğlub, kasıb və gələcəyi olmayan bir ölkədə yaşamaq istəməyən, sabaha ümid bəsləməyən ermənilər müxtəlif bəhanələrlə imkan düşən kimi xarici dövlətlərə üz tutublar.  

Ermənistandakı vəziyyəti “Şərq”ə təhlil edən siyasi şərhçi Anar İmanov deyib ki, Baş nazir Nikol Paşinyan ölkəni dirçəltmək niyyətində olsa da, hazırda ciddi müqavimətlə üz-üzədir. Ekspertin sözlərinə görə, Sarkisyan-Koçaryan cütlüyü Ermənistanı uçuruma sürükləyiblər, Azərbaycanın heç bir arqumentini dinləməyiblər:

 “Problem ondadır ki, Ermənistan hökuməti hələ də sarkisyanlardan, koçaryanlardan təmizlənməyib.

 Onların adamları bütün dövlət strukturlarında təmsil olunurlar və hökumətin atmaq istədiyi pozitiv addımları bloklayırlar. Süni şəkildə bütün məsələlər qabardılır və hökumətin qarşısında həlli mümkün olmayan problemlər kimi təqdim olunur. 

Bununla yanaşı, ictimaiyyət arasında təbliğat apararaq, mütəmadi etiraz aksiyaları təşkil edirlər. Bir sözlə, köhnə qvardiya geri addım atmamaq üçün əlindən gələni əsirgəmir. Keçmişdəkilərə və indiki hökumətə inamı, etibarı qalmayan ermənilər isə çarəni ölkəni tərk etməkdə görürlər. Düzdür, müharibədən sonra erməni köçü intensiv hal alıb. Amma Ermənistandan insanların axını heç vaxt dayanmayıb, bəzən sürətlənib, bəzən isə yavaşlayıb. Əvvəllər də insanlar “Sarkisyan-Koçaryan” faşist hakimiyyətindən qaçırdı. Pandemiyadan dolayı sərhədlər bağlı olduğu üçün qaçış bir az zəifləmişdi. Amma pandemiya səngiyəndən sonra ermənilərin ölkədən qaçışı sürətləndi. Hazırda bu məsələ Paşinyan hakimiyyəti üçün bir nömrəli problemdir. Çünki qarşıdakı illərdə idarə etmək üçün ölkədə adam qalmayacaq. Sıravi ermənilər heç kimə inanmır. Paşinyana da güvənmirlər. Çünki Nikolun bəzi hərəkətləri və açıqlamaları heç də sülhə, inkişafa işarə etmir. Bəli, yeganə yol Azərbaycanın şərtlərinə etiraz etmədən əməl etməkdir. Ermənistanın gələcəyi məhz bu məsələdən asılıdır”.