Türkiyəyə ağıl öyrətmək, yol göstərmək həddini aşmaqdır

Qardaş ölkə ona qarşı birləşən 10 ölkədən daha qədim tarixə malikdir

ABŞ, Almaniya, Danimarka, Finlandiya, Fransa, Hollandiya, İsveç, Kanada, Norveç və Yeni Zelandiyanın Ankaradakı səfirləri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Məlumata əsasən, 10 xarici ölkənin diplomatı tanınmış iş adamı, hüquq müdafiəçisi Osman Kavalanın mühakiməsi ilə bağlı sosial şəbəkələrdə səsləndirdikləri ifadələrlə əlaqədar olaraq Xarici İşlər Nazirliyinə dəvət edilib. 

Osman Kavala 2016-cı ilin iyulunda FETÖ terror təşkilatı tərəfindən Türkiyədə çevriliş cəhdində iştirak etməkdə ittiham olunur. Diplomatlar Kavalanın azadlığa buraxılmasını tələb edərək, onun məhkəməsinin, guya, “Türkiyədə demokratiyaya və qanunun aliliyinə kölgə saldığını” deyiblər. Ekspertlərə görə, on ölkənin məhz indiki məqamda Ankaraya “savaş” açmağının başqa səbəbləri də ola bilər. Məlumdur ki, son dönəm Türkiyə Cənubi Qafqaz daxil olmaqla, Yaxın Şərqdə, Şərqi Aralıq dənizində, Orta Asiyada, Afrika ölkələrində ciddi aktivlik nümayiş etdirir. Belə məqamda Qərb ölkələrinin Kavalanın “aqibətini düşünməsi” maraq doğurur. 

Qardaş ölkə əleyhinə başladılan kampaniyanı “Şərq”ə təhlil edən siyasi şərhçi Azər Həsrət deyib ki, adı çəkilən dövlətlərin Türkiyəyə qarşı birləşməsi təsadüf sayıla bilməz. Ekspert vurğulayıb ki, Türkiyə müstəqil dövlətdir və müstəqil məhkəmə, ədliyyə sistemi var:

 “Ölkənin məhkəmə sistemi kimin haqlı, kimin haqsız olduğunu qanunlar çərçivəsində müəyyənləşdirəcək. 

Türkiyənin kifayət qədər təcrübəsi var ki, belə məsələlərdə ədaləti üzə çıxara bilsin. Qardaş ölkə ona qarşı birləşən 10 ölkədən daha qədim tarixə malikdir. Türkiyənin Osmanlıdan öncəki tarixi də var. Türk millətinin və bütövlükdə türk dövlətçiliyinin tarixi adı keçən dövlətlərin tarixindən min illərlə daha qədimdir. Ona görə də həmin ölkələrin Türkiyəyə ağıl öyrətməsi, yol göstərməsi ədəb və etiket həddini aşmaqdır. Əgər əllərində hansısa fakt varsa, konkret dəlillərə əsaslanırlarsa, onları Ankara hökuməti ilə paylaşa bilərlər. Bunu ictimailəşdirməyə ehtiyac yoxdur. Amma əllərində belə faktlar, dəlillər olmadığına görə məhz qlobal ictimai rəyi ayağa qaldıraraq Türkiyənin üzərinə hücum çəkirlər. Bunu təsadüf saymaq olmaz”. 

A.Həsrətin fikrincə, bu, bir daha onu göstərir ki, həmin dövlətlərin rəsmiləri, dərin qatları FETÖ-nün arxasındadır: 

“Türkiyədə dövlət çevrilişinə cəhd etmiş bir terror təşkilatının arxasından bu dövlətlər çıxır. İllər öncə biz deyəndə ki, Fətullah Gülənin arxasında ABŞ, onun peyk dövlətləri durur, ölkə içində bizi linç edənlər çıxmışdı. 

Amma konkret dövlət çevrilişinə cəhd etmiş terror təşkilatına mənsubluğu şübhə doğurmayan adamla bağlı başda Amerika olmaqla Qərb ölkələri hərəkətə keçiblər. 

Təbii ki, Türkiyə dövləti onların hay-küyünü qulaqardına vuracaq, onlara öz yerini göstərəcək. Necə ki, artıq səfirləri çağıraraq xəbərdarlığını edib. 

Türkiyə öz konstitusiyası, üzvü olduğu beynəlxalq təşkilatların tələbləri, konvensiyaları çərçivəsində ədalət mühakiməsini yürüdəcək. Heç kimin buna şübhəsi olmasın”.