Ərdoğan İrana açıq mesaj verdi

Aqşin Kərimov: "İrandakı azərbaycanlıların təşkilatlanması prosesi vüsət alır"

“İran İsraillə münasibətlərinə görə Azərbaycanı “hədəf taxtası”na qoya bilməz. Bu, elə də asan deyil”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikadan qayıdarkən jurnalistlərin İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərə dair sualına cavabında deyib. Türkiyə lideri bu gün İranda yaşayan azərbaycanlıların sayının göz önündə olduğunu xatırladıb: 

“Bu təbii ki, düşündürücüdür. Atılan addım yanlışdır. Düşünürəm ki, İranın yeni rəhbərliyi bu yanlışı davam etdirməyəcək”. Ekspertlərin fikrincə, Ərdoğanın İranın Azərbaycana qarşı təhdidlərinə cavabında cənubdakı soydaşlarımızın sayını xatırlatması Tehrana xəbərdarlıqla yanaşı, Arazın o tayındakı azərbaycanlılara da “Azərbaycanı qoruyun” mesajıdır. Ərdoğan Bakıda "Arazı ayırdılar" dedikdən 10 ay sonra İrandakı azərbaycanlı amilindən danışdı. Analitiklərin fikrincə, bu, təhdid yox, regionun yenidən şəkilləndirilməsinin anonsudur. 

Siyasi şərhçi Aqşin Kərimov “Şərq”ə açıqlamasında bildirib ki, İrandakı azərbaycanlıların təşkilatlanması prosesi vüsət alır. Daha doğrusu, oradakı azərbaycanlı amilindən İrana qarşı “kozır” kimi istifadə olunması praktiki səviyyələrdə önə çəkilir: 

“Bir neçə gündür Qərb mətbuatında çıxan yazıları izləyirəm. Qərb mediası son hadisələrə şərh verərkən həmin amil üzərinə vurğu edir. İran hazırda bu həssaslığı başa düşür. Ona görə də Azərbaycanla şimal sərhədlərində daha çox təbliğat aparır ki, azərbaycanlıları molla rejiminin “vuran” əlinə çevirsin. Amma proses başlayıb, İranın “şiə hilalı” strategiyasının yaratdığı təhdidlərə qarşı immunitet yaradılır. Həmin "immun sisteminin" ölçüsündə isə azərbaycanlı amili dayanır. Fikir verin, bundan əvvəl Prezident İlham Əliyev “dünya azərbaycanlıları” ifadəsini işlətdi. Ardınca Çar Rusiyası dövrünün xəritəsinə qısa da olsa vurğu etdi. Bu gün isə Türkiyə Prezidenti Ərdoğan İrandakı türk amilindən söz açdı. Bütün bunlar böyük şahmat taxtasındakı gedişlərin mahiyyətini ortaya qoyur”.