“Ərdoğanın Füzuliyə səfəri dünyaya mesajdır”

Azərbaycan işgaldan azad olunan ərazilərində həyata keçirilən ilk böyük layihənin açılışına sayılı günlər, bəlkə də saatlar qalıb. Füzuli Beynəlxalq Hava Limanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılacaq.  İşğaldan azad olunan Füzuli şəhərində, türk və azərbaycanlı mühəndislərin ortaq fəaliyyətləri ilə hava limanı inşa olunub: “Yanvarın 14-də təməli qoyulan hava limanında 3 000 metr uzunluğuna və 60 metr enində uçuş-enmə zolağı istifadəyə verilib”.

Bakı ilə Füzuli arasında sərnişin və yük daşımaları yarım saat ərzində həyata keçiriləcək. İlk rəsmi qarşılanma mərasimi Ərdoğan üçün düzənlənəcək. Prezident Rəcəb Tayyib Ərdoğan işğaldan azad olunan torpraqlara ilk rəsmi səfər gerçəkləşdirən dövlət başçısı olub. Füzuli Beynəlxalq Hava Limanı oktyabrın 26-da Türkiyə Prezidentinin iştirakı ilə keçiriləcək tədbirlə istifadəyə veriləcək.

Türkiyə prezidentinin ölkəmizə səfərinin mühüm əhəmiyyətə malik olduğunu vurğulayan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə “Sherg.az”a söyləyib ki, Ərdoğanın Füzuliyə gəlişi bütün dünyaya bir mesajdır:

“Yəni Türkiyə hər bir işdə Azərbaycanla birdir, həmrəyfdir.  Füzuli Hava Limanı qısa müddətdə hazır oldu və bu, Azərbaycanın “Böyük qayıdış” layihəsinin sürətlə davam edəcəyinin sübutdur. Qardaş ölkə hər işdə olduğu kimi yenə də bizimlə bərabər olacaq.

Tezliklə “Böyük qayıdış” layihəsi yerinə yetiriləcək. Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və günü-gündən güclənir”.