Putinlə Bennet arasında 5saatlıq görüş - İranın nüvə obyektləri vuruluir?! - ŞƏRH

Soçidə Rusiya Prezidenti Vladimir Putinlə İsrailin Baş naziri Naftali Bennet arasında keçirilən görüş başa çatıb. Bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb. Bildirilib ki, V.Putinlə N.Bennetin danışıqları beş saatdan artıq davam edib: “Görüş müsbət aurada baş tutub. Prezident və Baş nazir ikitərəfli əlaqələri müzakirə ediblər”.

Uzun çəkən müzakirəni “Sherg.az”a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin eksperti, siyasi şərhçi Samir Hümbətov vurğulayıb ki, görüşdən sonra həm Rusiya, həm də İsrail tərəfindən irəli sürülən iki məsələ var idi: Birincisi, ikitərəfli əlaqələr. İkincisi, İranın nüvə məsələsi:

“Maraqlı məqam bu idi ki, 5 saat çəkən görüşdən sonra həm Kremlə yaxın xəbər portallarında, həm də İsrailin tanınmış qəzetlərində İranın nüvə obyektlərini vurmaqla bağlı razılığa gəlinməsinə dair xəbərlər yazıldı. Bundan sonra İran tərəfi açıqlama verdi ki, İsrail onların hansısa nüvə obyektinə zərbə endirmək qərarına gələrsə, İsraili yer üzərindən siləcəyik. Məhz görüş zamanı da əsasən İran məsələsi müzakirə olunub.

 İranı vurmaq İsrailin çoxdankı planıdır. Ancaq məsələ burasındadır ki, İranın arxasında Rusiya və Çin dayanır. Görünür, uzunmüddət çəkən görüşdə hansısa məsələlərdə tam şəkildə razılıq olmasa da, böyük miqdarda razılıq əldə edilib. 

Lakin razılığın nə dərəcədə və hansı səviyyəyə qədər olması qaranlıq məqamdır. 

Hətta yaxın vaxtlarda İran prezidentinin Rusiyaya səfəri gözlənilir. Putinin İsrailin baş naziri ilə görüşündən sonra İran prezidentinin Moskvaya səfəri Rusiyanı da çətin dilemma qarşısında qoyur. Kreml artıq İsrail və İran arasında müəyyən mənada seçim etmək mərəhləsinə gəlib çıxır. 

Təbii ki, hadisələrin gedişatını zaman göstərəcək. Son günlər baş verən proseslər və İsrail baş nazirinin Rusiyaya səfəri zamanı hazırlayıb verdiyi hesabat Putin qarşısında bir fakt qoydu. Əslində bu görüş yeni bir münaqişə ocağının baş verəcəyini göstərir və İran üçün ciddi təhdid xarakteri daşıya bilər”.