30 ildə Ermənistan sivil dövlətə çevrilə bilməyib

Petrosyanın dövründə gördük, kim müstəqil siyasət yeridirsə, dərhal devirirlər

"İndiki ordudakı xaosun səbəbi odur ki, ölkə daxildən idarə olunmur"

Ermənistan ordusu müharibədə aldığı ağır məğlubiyyətdən sonra özünü toparlaya bilmir. Ermənistan İstintaq Komitəsinin yaydığı məlumata görə, ölkədə bir sıra yüksək hərbi vəzifəli şəxslər həbs edilib.
Məlumata görə, Ermənistan Müdafiə Nazirliyi kommunal əməliyyatlar üzrə hərbi hissəsinin rəis müavini, polkovnik-leytenant, həmin hərbi hissənin rəisi, Silahlı Qüvvələrin Baş qərargahının arxa cəbhə idarəsinin rəisi və başqaları barəsində dekabrın 13-də həbs-qətimkan tədbiri seçilib.

Yüksək rütbəli zabitlər barəsində istintaq davam edir. 

Mövzu ilə bağlı "Şərq"ə danışan politoloq Tofiq Abbasov bildirib ki, Ermənistanda bütün ölkə boyu pərakəndəlik baş alıb gedir:

"Çünki bu ölkə öz müstəqilliyini bəyan etdikdən sonra normal sivil dövlətə çevrilə bilmir, onun heç bir institutu yetkinlik yolunu keçməyib. 

Biz orada paradoksal bir situasiyanın şahidi oluruq. Çünki ikinci belə bir dövlət yoxdur ki, onun 30 il ərzində xalqın düşünən beyinləri, siyasi, intellektual elitası normal bir sistem yaratmasın. Bunlar bunu edə bilmirlər və can da atmırlar. Bunun da əsas səbəbi ondan ibarətdir ki, Ermənistan ölkə daxilindən idarə olunmur. Biz bunu Ter-Petrosyanın dövründə gördük və onun şahidi olduq ki, Ermənistanın rəhbərliyində duran şəxs, siyasətçi əgər müstəqil siyasət aparmaq istəyirsə, onu dərhal devirirlər. Koçaryan-Serj Sarkisyan cütlüyü, bu qaniçən cinayətkarlar xarici qüvvələrin təhriki ilə Ter-Petrosyanı devirdilər və 1998-ci ildən bəri Ermənistan normal sivil dövlətə çevrilə bilməyib. 

Elə bir sahə yoxdu ki, deyəsən ki, bax, bu sahədə bunlar həqiqətən də düzgün yol seçiblər və bu yolun səmərəsi özünü əks etdirir. Yoxdur belə şey. Çünki başqa cür ola bilməz".

Politoloq eyni zamanda bildirib ki, Ermənistanda ölkə daxilində bütün qüvvələr hamısı bir-birinə qarşı vuruşurlar: "Onları birləşdirən nisbətən oradakı anti-türk, anti-islam siyasəti və ideologiyası idi. O nöqtədə haradasa müvəqqəti olaraq birləşmişdilər. Həm də ki, bu birləşmə o qədər də güclü birləşmə deyildi. Kövrək birləşmə idi. Müharibə dövrü də, ondan sonrakı zaman da göstərir ki, Ermənistanın daxili qüvvələri yola getmirlər. Bunların hamısı münaqişələrlə yaşayırlar. Xarici düşmən olmayanda bunlar daxildə bir-birini əqrəb kimi sancırlar, bir-birlərini yeyib-dağıdırlar. Ona görə indi baş verən proseslərin heç biri təəccüblü deyil. Çünki Nikol Paşinyan əgər həqiqətən də Ermənistana rəhbərlik etmək istəyirsə, Ermənistanı normal dövlətə çevirmək istəyirsə, o, gərək ilk növbədə hökumətə qarşı olan daxili qüvvələri tərksilah etsin, həm də diaspor ilə kilsənin siyasi proseslərə müdaxiləsinin qarşısını alsın. Bunları edə bilsə Ermənistan normal dövlətə çevrilə biləcək. Ondan sonra biz görəcəyik ki, onlar həm Azərbaycanla, həm Türkiyə ilə artıq münasibətləri qurmağa başlayırlar. Öz səhvlərini etiraf edirlər və sivil bir dövlətə çevrilə bilirlər".

Tofiq Abbasov Ermənistanda müdafiə nazirlərinin tez-tez dəyişdirilməsinin səbəbinin Nikol Paşinyanın daxili siyasəti olduğunu vurğulayıb: 

"Müdafiə nazirlərinin tez-tez dəyişilməsi ondan xəbər verir ki, bu adam işinə az-çox inadkarlıq göstərən hərbçiləri birinci çəkir yuxarı başa görsün ki, bunlar nəyi bacarırlar. Digər tərəfdən də onları həm də tərksilah edir. Yəni onları müəyyən mənada zərərsizləşdirir".
Politoloqun sözlərinə görə, Ermənistanın yeni ordu qurması və hər hansı revanşist əməllər törətməsi mümkün deyil: "Çünki Ermənistan heç bir şey edə bilməyəcək. Onun ən yaxşı çıxış yolu bütün bu militarizm siyasətindən əl çəkməkdən ibarətdir. 
Axı müharibəni uduzmuş ölkədə hansı hərbi-texniki islahatlardan danışmaq olar, hansı yeni hərbi quruculuqdan danışmaq olar. Siz 30 ilə yaxın pul xərclədiniz, ordu yaratdınız, sizə külli miqadarda köməkliklər göstərlidi, kreditlər verilirdi. Müxtəlif ölkələrdən - Rusiyadan, Fransadan, Amerkadan. Sonra axırı nən oldu?! Onlar pullarının hamısını yerin altında basdırdılar, bunkerlər tikdilər, istehkamlar qurdular. Azərbaycan onların hamısını darmadağın etdi. Bundan sonra ağılları olsa onlar bu siyasətdən birdəfəlik əl çəkərlər. Ona xudahafiz deyərlər".

Sənan