"Buzlar əriyir":  Türkiyə - Ermənistan münasibətlərində yeni pəncərə... – Nə vəd edir?


“Tərəflər bir-birinə şərt qoymadan elçilik açmağı planlayırlar”

“Bu da Ermənistandakı revanşist qüvvələrin qondarma erməni soyqırımı məsələsinin üzərindən birdəfəlik xətt çəkəcək”

“Münasibətlərin normallaşması Azərbaycanla-Ermənistan arasında imzalana biləcək yekun sülh müqaviləsinə öz töhfəsini verə bilər”

“Həmçinin Rusiyanın Ermənistan üzərindəki təzyiqini azalmasına təsir edə bilər. NATO üzvü olan Türkiyə rəsmi İrəvanı Moskvadan sığortalamağı bacaracaq"

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu dekabrın 13-də Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı Ermənistanla əlaqələrin normallaşdırılması istiqamətində addımların atılacağını bildirib. Bundan sonra Ermənistan Xarici İşlər Nazirliyi də açıqlama yayaraq qeyd edib ki, rəsmi İrəvanda Türkiyəylə münasibətləri normallaşdırmaq üçün xüsusi nümayəndə təyin ediləcək.

Türkiyə 2020-ci ilin sonunda baş verən və Dağlıq Qarabağda Ermənistanın Azərbaycana qarşı məğlubiyyəti ilə nəticələnən müharibədən dərhal sonra İrəvanla münasibətləri normallaşdırmağa hazır olduğu mesajlarını verməyə başlayıb. Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsində keçirilən seçkilərdə qalib gəldikdən sonra verdiyi açıqlamalarda Türkiyə ilə ilkin şərt olmadan dialoqa hazır olduğunu bəyan edib. 

Türkiyə 1993-cü ildən bəri - yəni Ermənistan Azərbaycan torpaqlarını işğal edəndən sərhədlərini bağlayıb.

Ermənistanın Türkiyə ilə münasibətləri nizamlamaq üçün atdığı addımı “Sherg.az”a şərh edən siyasi elmlər doktoru Cümşüd Nuriyev vurğuayıb ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Azərbaycanın da maraqlarına uyğundur:

 “Türkiyə - Ermənistan münasibətlərinin yaxşılaşması çox uğurlu diplomatik addımdır. Elçilik statusunda nümayəndəliyin açılması Türkiyəyə bir neçə istiqamətdə xeyir gətirə bilər. Tərəflər bir-birinə şərt qoymadan elçilik açmağı planlayırlar. Bu da Ermənistandakı revanşist qüvvələrin qondarma erməni soyqırımı məsələsinin üzərindən birdəfəlik xətt çəkəcək. Münasibətlərin normallaşması Azərbaycanla-Ermənistan arasında imzalana biləcək yekun sülh müqaviləsinə öz töhfəsini verə bilər. Həmçinin Rusiyanın Ermənistan üzərindəki təzyiqini azalmasına təsir edə bilər. NATO üzvü olan Türkiyə rəsmi İrəvanı Moskvadan sığortalamağı bacaracaq.

Ermənistanla Türkiyə sərhədi açılandan sonra Rusiya qoşunlarının orada yerləşdirilməsi də mənasızdır. Sərhədlərin açılması nəticəsində Ermənistan iqtisadiyyatı inkişaf edəcək. Münasibətlərin normallaşması Türkiyənin regionda söz sahibi olduğunu göstərər və Rusiyanı siyasi cəhətdən dalana dirəyər”.

Xanlar ƏLİBƏY