Avropa İttifaqı da oyuna daxil oldu

Ermənistan daha Minsk qrupu formatından əl çəkəcək

“Brüssel görüşünün yekun bəyanatında üç məqam xüsusilə diqqət çəkir. Bunlar ATƏT-in Minsk qrupunun adının çəkilməməsi, Qarabağ ifadəsinin işlədilməməsi və əsas vurğunun postmünaqişə dövrü üzərində qurulmasıdır”. Bunu “Şərq”ə açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. Analitik bildirib ki, münaqişənin həllində iştirak etməyən həmsədr ölkələr - ABŞ və Fransa Minsk qrupu formatının dirildilməsi üzərindən bölgəyə qayıtmaq istəyini gizlətmir. Bu, Bakının, eləcə də Bakını dəstəkləyən Ankaranın və bölgəni Qərblə paylaşmaq istəməyən Moskvanın marağına ziddir: “Bakı və Moskva Minsk qrupuna postmünaqişə dövrünə dair təkliflər verir. 

Bəyan edirlər ki, humanitar məsələlərin həllində və ikitərəfli münasibətlərin qurulmasında iştirak edə bilərlər. İki həmsədr ölkə təklifi qəbul etsə belə, bu formatda iştirak müəyyən riskləri özündə saxlayır. Bu baxımdan, dövlət başçısı İlham Əliyev Qərb masasında Rusiyanı deyil, Avropa İttifaqını alternativ olaraq oyuna daxil etməyə nail oldu. Bu o demək deyil ki, iki həmsədr ölkə və Ermənistan Minsk qrupu formatından əl çəkəcək. Lakin Aİ-nin prosesə cəlb edilməsi bu formatın lazımlılığını bir qədər də əhəmiyyətsiz etdi. Bu prosesdə Rusiya da maraqlı tərəfdir”. 

A.Nərimanlıya görə, ən mühümü Aİ-nin timsalında Qərb formatında münaqişənin həll edildiyinin qəbul edilməsidir: 

“Avropa İttifaqının təşəbbüsü ilə keçirilən görüşdə Qarabağın adı çəkilmir. 10 noyabr, 11 yanvar və 26 noyabr razılaşmalarına istinad edilir. Kommunikasiyanın açılmasının vacibliyi vurğulanır. Tərəflər sülh sazişinin imzalanmasına çağırılır. Aİ Bakının Minsk qrupuna biçdiyi “donu geyinir” və Ermənistanla Azərbaycan arasında etimadın möhkəmlənməsi istiqamətində işləyir. Beləliklə rəsmi Bakı münaqişənin bitdiyi reallığının Qərbdə qəbul edilməsində böyük irəliləyişə nail oldu”.