Çavuşoğlu: “İstanbul-İrəvan aviareysinin açılması üzrə müraciətlərə baxırıq”


“Ankara Türkiyə və Ermənistan aviaşirkətlərinin İstanbul-İrəvan-İstanbul reysinin açılması üzrə müraciətlərini nəzərdən keçirir”.

Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu BƏƏ səfərinin yekunları ilə bağlı jurnalistlərə açıqlamasında deyib.


Onun sözlərinə görə, müraciətlərə Nəqliyyat Nazirliyi və Mülki Aviasiya Baş İdarəsi tərəfindən baxılır.

“Prinsipcə Türkiyə tərəfinin məsələyə münasibəti müsbətdir. Yaxın günlərdə hansı şirkətlərin sözügedən marşrut üzrə uça biləcəyi müəyyənləşəcək”, - deyə Türkiyə XİN rəhbəri bildirib.

Türkiyəli nazir xatırladıb ki, Türkiyə və Azərbaycan 44 günlük müharibədən sonra Ermənistanın ünvanına müsbət mesajlarla çıxış ediblər:

“Bakının İrəvanla hərtərəfli sülh sazişi imzalamaq çağırışları xüsusi əhəmiyyət kəsb edir. Bu siqnallar həm də Türkiyə və Azərbaycanın məsələyə yanaşmasını nümayiş etdirir”.

O, qeyd edib ki, Türkiyə Cənubi Qafqazda sülh, sabitlik və iqtisadi inkişaf mövqeyindən çıxış edir.

Çavuşoğlu Ermənistan tərəfinin də regionda uzunmüddətli sülh və sabitliyin təmin edilməsi üçün səylər göstərəcəyinə ümidvar olduğunu bildirib:

“Bizim niyyətimiz son dərəcə açıqdır. Azərbaycanın yalnız bir məqsədi var idi - Ermənistan tərəfindən işğal olunmuş ölkənin tarixi torpaqlarını geri qaytarmaq. Nəticə etibarı ilə məhz Bakı sülh müqaviləsinə çağırış edir ki, bu da Azərbaycanın da son dərəcə konstruktiv olması anlamına gəlir”.

Mənbə: Anadolu Agentliyi