Makron seçkiqabağı “xal” toplayır! – “Ermənilərin yanında olduğunu göstərir”

Səməd Seyidov:“Bir daha şahid olduq ki, Aİ səviyyəsindəki görüş ATƏT-in həmsədr ölkəsinin prezidenti Makronun vasitəçiliyi ilə keçirilən qeyri-formal danışıqlardan çox uğurlu keçib”

Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə Azərbaycan lideri İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüş keçirilib. E.Makron məlum görüşdən sonra “Twitter” hesabında paylaşım edərək vurğulayıb ki, Fransa heç vaxt erməniləri tərk etməyəcək. Həmişə davamlı sülh üçün həll yolları axtaracaq:“Həmişə davamlı sülh üçün həll yolları axtaracağıq. Bayram mövsümündə humanitar irəliləyişə, sülhə çağırış edirəm”.

Makronun ikili standartlara xidmət edən mövqeyini şərh edən Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov bildirib ki, E.Makronun bu addımı 2022-ci ildə keçiriləcək prezident seçkilərinə hesablanıb:

“Bir neçə aydan sonra Fransada prezident seçkiləri baş tutacaq. Bu ölkədə prezidentliyə namizədlərin içərisində seçici rəqabəti gedir. Bu rəqabətdə namizədlər erməni əsilli olan seçicilərin səslərini qazanmaqdan ötrü əllərindən gələni edirlər. Məsələn, ultra-sağçı mövqedə dayanan Erik Zimur bir-iki həftə bundan qabaq Ermənistana getdi. Respublikaçı Valeri Pekres çox aktiv fəaliyyət həyata keçirir. Bir həftədən sonra o da Ermənistana səfər edəcək. Bu səfərlərin arxasında erməni seçicilərin səslərini qazamaq cəhdləri dayanır. Əlavə olaraq, yanvarın 1-dən Fransa Avropa Birliyində sədrliyi ələ götürür. Makronun də əlinə fürsət düşüb ki, prezident seçkilərində qalib olmaq üçün ermənilərin yanında olduğunu göstərsin. Bir daha şahid olduq ki, Aİ səviyyəsindəki görüş ATƏT-in həmsədr ölkəsinin prezidenti Makronun vasitəçiliyi ilə keçirilən qeyri-formal danışıqlardan çox uğurlu keçib”.

Xanlar ƏLİBƏY