Ermənistanın bağlı qapıları açılacaq

Ankara-İrəvan münasibətləri Bakının razılığı ilə nizama düşür

"Türkiyənin Ermənistan qarşısında qoyduğu şərt yerinə yetirildiyi üçün Türkiyə də müsbət addım atmağa başladı"

Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə vəzifəsinə ABŞ-dakı keçmiş səfiri Serdar Kılıcı təyin edib. Bu barədə Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib. Çavuşoğlu qeyd edib ki, Ermənistanla münasibətlərin normallaşdırılması prosesi üzrə işlər Azərbaycanla koordinasiya olunaraq aparılır: “Biz Azərbaycan ilə hər bir məsələdə öncədən məşvərət edirik və Azərbaycanın məlumatı olaraq bu cür addımları atırıq. Kimsə Azərbaycandan xəbərsiz, ya da ayrı hərəkət edərikmi deyə sorğulamasın. Biz bir millət, iki dövlətik. Bunlar xeyirli addımlardır, hamımıza faydası olacaq”. XİN rəhbəri bəyan edib ki, yaxın günlərdə İstanbul-İrəvan reysi üzrə uçuşlar həyata keçirəcək şirkətlər də müəyyənləşəcək: 

“Ankara Türkiyə və Ermənistan aviaşirkətlərinin İstanbul-İrəvan-İstanbul reysinin açılması ilə bağlı müraciətlərini nəzərdən keçirir. Prinsip etibarilə Türkiyə tərəfinin məsələyə münasibəti müsbətdir”. Məlumat üçün bildirək ki, Serdar Kılıc təcrübəli diplomat kimi tanınır. Amerikadan əvvəl, Livanda və Yaponiyada Türkiyənin səfiri olub. Bəzi ekspertlərin fikrincə, erməniləri kifayət qədər yaxşı tanıyan Kılıcın özəl təmsilçi təyin edilməsi uğurlu təyinatdır. Bu arada ABŞ dövlət katibi Entoni Blinken “Tvitter” hesabındakı paylaşımda Ankara-İrəvan yaxınlaşması yönündəki addımları yüksək qiymətləndirib. Blinken deyib ki, Vaşinqton iki dövlət arasında əlaqələrin normallaşmasında maraqlıdır. Məsələ Ermənistan cəmiyyətində də ciddi müzakirə olunmaqdadır. Politoloq Suren Sarkisyan deyib ki, Ermənistan öz tarixində ilk dəfə olaraq Türkiyənin bütün ilkin şərtlərini qəbul edib. Ekspert Türkiyə və Ermənistanı barışdırmaq üçün ABŞ-ın da fəallaşdığını bildirib: “1992-ci il yanvarın 6-dan Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması Amerikanın xarici siyasətində prioritet məsələdir. Vaşinqton siyasətinin intensivləşməsi bununla bağlıdır. İndi hamımız Türkiyə və Azərbaycanla barışmağa razı olacağıq”. Sarkisyan Ermənistan rəhbərliyinin bunun üçün Qarabağ iddiasından da əl çəkdiyini iddia edib. 

Son proseslər, o cümlədən kommunikasiyaların açılması barədə danışıqlar Ankara-İrəvan münasibətlərinin yeni mərhələsindən xəbər verir. Ermənistan tədricən anlamağa başlayır ki, onun üçün ən ideal variant məhz konstruktiv mövqe sərgiləməkdir. Əks halda sadəcə Rusiya ilə Qərb arasında manevr etməklə nəyəsə ola bilməyəcəyini başa düşür. 

Siyasi şərhçi Elman Vəliyev “Şərq”ə açıqlamasında bildirib ki, 1992-93-cü ilədək, yəni Ermənistan Azərbaycan torpaqlarını işğal edənə kimi Ankara-İrəvan münasibətləri, ən azından iqtisadi əlaqələr nizamlı idi. Analitik qeyd edib ki, Ermənistanın iqtisadi kəsirlərinin çox hissəsini Türkiyə ödəyirdi: 

“Türkiyə Ermənistana qeyri-neft sektoru məhsulları ixrac edirdi. Amma iş sərhədlərin bağlanması nöqtəsinə çatanda Ermənistan üçün qara günlər başladı. Nəhayət, 30 ilə yaxın bir zaman kəsiyindən sonra iki tərəf diplomatik danışıqlara başladı. Türkiyənin bu addımı atması üçün bir şərti var idi ki, o da Ermənistanın Azərbaycanla uzlaşmaya getməsi idi. Ermənistan tərəfi Türkiyə ilə əlaqələri bərpa etmək üçün Rusiyadan dəfələrlə rica eləmişdi. Dekabrın 10-da Moskvada Türkiyənin irəli sürdüyü “3+3” formatının ilk iclası keçirildi. Hesab edirəm ki, bu iclasda Türkiyə ilə Ermənistan münasibətləri də müzakirə predmeti olub. Bu görüşdən sonra Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan etdi ki, iki tərəf arasında çarter uçuşları bərpa ediləcək. Həmçinin, Türkiyə tərəfi Ermənistanla əlaqələri sabitləşdirmək üçün sabiq ABŞ səfiri Serdar Kılıcı nümayəndə təyin etdi. 26 noyabrda Soçidə üçlü görüş oldu, tərəflər arasındakı problemlərin həlli istiqamətində mühüm addımlar atıldı. Delimitasiya və demarkasiya proseslərinin başlanması, kommunikasiyaların açılması problemlərinin həll edilməsi barədə razılığa gəlindi. Türkiyənin Ermənistan qarşısında qoyduğu şərt yerinə yetirildiyi üçün Türkiyə də müsbət addım atmağa başladı”.

E.Vəliyev vurğulayıb ki, bölgənin geosiyasi mənzərəsi tamam fərqlidir: “Ermənistanda Rusiya əleyhinə nifrət formalaşır. 
İnsanlar anlayırlar ki, illərdir Ermənistanı kimlər müharibəyə təhrik edib. Əgər İrəvan hökuməti Türkiyə ilə münasibətləri yeni mərhələyə keçirə bilsə, Ermənistan üçün uğurlu olacaq. Fikrimcə, iki tərəf arasında dialoqların intensivləşməsi üçün Rusiya da mühüm rol oynayacaq”.