Prezident həmsədrlər üçün daha real müzakirə gündəliyi təklif etdi - AKTUAL

Prezident İlham Əliyev Brüsseldə mütəmadi gündəmə gətirilən ATƏT-in Minsk qrupu ilə bağlı rəsmi Bakının mövqeyini bir daha bəyan edib. Dövlət başçısı həmsədrlərin roluna toxunaraq 28 il ərzində aparılan danışıqlarda hər hansı bir nəticənin hasil olmadığını diqqətə çatdırıb. Ölkə rəhbəri Azərbaycanın ATƏT-in Minsk qrupundan yeni geosiyasi reallığa uyğun cavab gözlədiyini bildirib: “Bu xüsusda Azərbaycan tərəfi hesab edir ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin hazırlanması, sərhədlərin delimitasiyası, insanlar arasında təmasların yaradılması, etimad quruculuğu tədbirləri və digər məsələlərdə Minsk qrupu tərəfindən kömək göstərilə bilər”. 

Minsk qrupunun üzvləri, üçlü həmsədr institutunun yarıtmaz fəaliyyəti və mövqeyi hamıya bəllidir və haqlı olaraq ictimaiyyət tərəfindən qəbul olunmur. Minsk qrupu dedikdə, söhbət ABŞ və Fransadan gedir. Rusiya onsuz da prosesdə əsas vasitəçi rolunda çıxış edir. Bir qrup ekspertə görə, həmsədrlərə sərhədlərin müəyyənləşməsi, etimad mühitinin formalaşması və s. humanitar məsələlərdə şans vermək olar. Lakin əksəriyyət birmənalı hesab edir ki, Minsk qrupunun üzvləri ümumiyyətlə bölgəyə yaxın buraxılmamalıdır. 

Siyasi şərhçi Elçin Xalidbəyli “Şərq”ə açıqlamasında deyib ki, ATƏT-in Minsk qrupunun taleyi 44 günlük savaşın nəticələri ilə müəyyən olunub. Analitikin fikrincə, Brüssel görüşündən sonra isə Minsk qrupunun ləğvi ilə bağlı prosesin əsası qoyulmuş oldu: 

“Bu görüşdə Minsk qrupunun vasitəçilik missiyasının bərpa olunmasının vacibliyinə heç bir eyham belə, vurulmadı. Halbuki, son Brüssel görüşünə qədər Ermənistan Baş naziri Nikol Paşinyan hər imkanda “Dağlıq Qarabağ münaqişəsi” və “status” mövzularının Minsk qrupu həmsədrlərinin vasitəçilik missiyası çərçivəsində müzakirə olunmasının vacibliyini vurğulayırdı. Ancaq bu dəfə erməni baş naziri Minsk qrupu ilə bağlı ənənəvi mövqeyinin üzərindən sükutla keçməli oldu. Yəni belə anlaşıldı ki, Minsk qrupu artıq heç kimə lazım deyil və bu qurumun fəaliyyəti də hazırda formal xarakter daşıyır. Bu baxımdan, yaxın vaxtlarda Minsk qrupunun ləğv oluna biləcəyi də qətiyyən istisna deyil. Məsələ ondadır ki, Minsk qrupu 30 ilə yaxın bir müddətdə öz vasitəçilik missiyasının öhdəsindən gələ bilməyib. Onun yerinə yetirə bilmədiyi missiyanı Azərbaycan Ordusu cəmisi 44 gün ərzində sona çatdırıb. Üstəlik, yeni geopolitik reallıq və regionda yeni şərtlər ortaya çıxıb. Belə vəziyyətdə Minsk qrupu yeni geopolitik sistemə də uyğun gəlmir. Çünki Minsk qrupu “Dağlıq Qarabağ münaqişəsi”nin sülh danışıqları yolu ilə həll edilməsi məqsədilə yaradılmışdı. Bu problem isə həm hərbi yolla həll olunub, həm də “status” mövzusu gündəmdəm çıxarılırb. Hazırda Minsk qrupu qarşıduran tərəflər arasında vasitəçilik etmək üçün müzakirə mövzusuna malik deyil”.

E.Xalidbəyli vurğulayıb ki, Minsk qrupunun gələcək taleyində Azərbaycanın mövqeyi böyük rol oynayır:

 “Prezident İlham Əliyevin ATƏT-in Minsk qrupuna yeni geopolitik reallıqları xatırlatması da bunu təsdiqləyir. Belə anlaşılır ki, rəsmi Bakı Minsk qrupuna keçmişə yönəlik və artıq əhəmiyyətini tamamilə itirmiş müzakirə mövzularını aktuallaşdırmaq cəhdinə imkanı vermək niyyətində deyil. Ona görə də Prezident həmsədrlər üçün yeni müzakirə gündəliyi də təklif etdi. Dövlət başçısı diplomatik şəkildə Azərbaycan üçün əhəmiyyətini itirmiş mövzuların müzakirəsinə ehtiyac duyulmadığına eyham vurdu. Eyni zamanda, Minsk qrupu həmsədrlərinə Ermənistanla Azərbaycan arasında sülh sazişinin hazırlanması, sərhədlərin delimitasiyası, insanlar arasında təmasların yaradılması, etimad quruculuğu tədbirləri kimi mövzulara yönəlməyin mümkünlüyünə işarə etdi. Bununla da Minsk qrupu üçün yeni mövzular və gündəlik müəyyən edilmiş oldu. Ancaq Minsk qrupunun həmin yeni gündəliyə uyğunlaşması və sadalanan mövzular üzərindən öz fəaliyyətini bərpa edə bilməsi də qətiyyən inandırıcı görünmür. Çünki Rusiya Cənubi Qafqaz regionuna ABŞ və Fransanın müdaxilə imkanları qazanmasını istəmir. Ona görə də böyük ehtimalla Kreml Minsk qrupunun fəaliyyətinin bərpasına yönəlik cəhdlərin aktiv fazaya keçirilməsinə imkan verməyəcək. Rusiya Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması, sərhədlərin demarkasiyası və delimitasiyası prosesində regiondankənar ölkələrin iştirakına müqavimət göstərir. Hətta sərhədlərin delimitasiya və demarkasiyası üçün xəritələr təqdim etməklə yanaşı, texniki dəstək də verməyə hazır olduğunu vurğulayan Kreml Cənubi Qafqazda gedən proseslərdə başqalarına ehtiyac olmadığını qabardır”.

Politoloq bəyan edib ki, bütün bunlar onu göstərir ki, Minsk qrupu öz fəaliyyətini bərpa etmək üçün həm Azərbaycanla, həm də Rusiya ilə anlaşmaq məcburiyyətindədir: 

“Rəsmi Bakı keçmişə dönüş qapılarını bərk-bərk qapatmaqla yanaşı, Minsk qrupuna “yeni fəaliyyət tezisləri” və “qırmızı cizgilər” müəyyən edib. Yəni Azərbaycan Minsk qrupunun həmin “qırmızı cizgilər”dən kənara çıxmasına imkan verilməyəcəyini gizlətmir. Böyük ehtimalla rəsmi Bakının gündəmə gətirdiyi həmin təklif siyasi-diplomatik manevr xarakteri daşıyır. Hər halda, Minsk qrupunun həmsədrlərindən olan Rusiya bu qurumun digər iki həmsədrini - ABŞ və Fransanı regiona buraxmaq niyyətində deyil. Yəni Kreml Minsk qrupunda təmsil olunan Rusiyanın vasitəçilik missiyasına ortaq arzulamır. Bu baxımdan, Minsk qrupu həmsədrlərinin hansısa formada öz fəaliyyətini bərpa etməyə nail ola biləcəyi qətiyyən inandırıcı deyil”.