Gec-tez ermənilərin özləri tələb edəcək

Türkiyə ilə sərhədin açılması Ermənistan üçün xilas kəməridir

Sülh müqaviləsinə sərhəd məsələsi də daxil edilə bilər

Türkiyə və Ermənistan nümayəndələri birbaşa əlaqə saxlayıb, necə və harada görüşəcəklərinə qərar verəcəklər. Bu barədə Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Nazir bildirib ki, nümayəndələrin nədən danışacağını əvvəlcədən müəyyən etmək düzgün olmaz, amma prioritetləri müəyyən etmək mümkündür. Çavuşoğlu yol xəritəsi üzərində iş aparıldığını söyləyib: “Azərbaycan bu prosesdə daima olacaq. Hər zaman məlumat veriləcək. Koordinasiyalı addımlar da atılır. Ona görə də bu, Azərbaycan üçün sürpriz olmayacaq. 

Həm Rusiya, həm də ABŞ bu prosesi dəstəkləyir. Sərhədin açılması ilə bağlı Azərbaycanla birlikdə qərar verəcəyik”. XİN başçısı bəyan edib ki, Ermənistan-Türkiyə sərhədlərinin açılması İrəvan-Bakı arasındakı sülh sazişinin tərkib hissəsi ola bilər: “Ermənistan Azərbaycanla hərtərəfli sülh sazişi imzalamağı təklif etsə, biz də onun içində ola bilərik. Yəni müqavilə imzalananda sərhədin açılması da bura daxil edilər. Türkiyədə yaşayan erməni vətəndaşlarımızı da bu işə töhfə verməyə çağırıram. Qarşılıqlı çarter reysləri üçün müraciət edən aviaşirkətlər var”. 

Son günlərin əsas müzakirə mövzusuna çevrilən Türkiyə-Ermənistan münasibətləri ilə bağlı “Şərq”lə fikirlərini bölüşən politoloq Azər Rəşidoğlu deyib ki, Ankara və İrəvan arasında münasibətlərin qurulması üçün ilk növbədə sərhədlər açılmalıdır. 

Analitikin fikrincə, Ermənistanla Türkiyə arasında sərhəd 1993-cü ildə Türkiyə tərəfinin təşəbbüsü ilə, Azǝrbaycan ǝrazilǝrinin Ermǝnistan tǝrǝfindǝn işgalına etiraz olaraq bağlanıb: 

“Bu məsələdə “soyqırımı” iddiaları da rol oynayıb, lakin əsas məsələ Qarabağ münaqişəsi olub. 44 günlük savaşdan sonra Türkiyə və Ermənistan arasında qarşılıqlı əlaqələrin qurulması üçün zəmin yaranıb. İrəvan iqtisadi təcridi aradan qaldırmağa çalışır.

 İkinci Qarabağ müharibəsinə son qoyan üçtərəfli razılaşma yeni reallıq yaradıb. Azərbaycanı dəstəkləyən Türkiyənin Ermənistana dair siyasəti dəyişə bilər. Münasibətlərə ən böyük maneələrdən biri “Dağlıq Qarabağ münaqişəsi” idi. Ermənistanın məğlubiyyətindən sonra status-kvo dəyişib, Azərbaycan artıq sərhədlərin açılmasına etiraz etmir. 

Digər tərəfdən, əgər biz Zəngəzur koridorunu gerçəkləşdirmək istəyiriksə, təbii ki, Türkiyə-Ermənistan sərhədinin də açıla biləcəyini ehtimal etməliyik”.

A.Rəşidoğlu qeyd edib ki, Ermənistan-Türkiyə sərhədlərinin açılması yaxın gələcəkdə Ermənistanın Rusiyanın forpostluğundan azad olunması, Rusiyanın regiondan geri çəkilməsi anlamına gəlir: “Ona görə də Rusiya hər vəchlə buna mane olmağa çalışır. Türkiyə münasibətlərə hazırdır, lakin Ermənistanın Rusiyadan asılı olan qüvvələri bunu istəmir və prosesi yubadır. 

Ancaq Türkiyə ilə sərhədin açılması Ermənistan üçün xilas kəməridir. Gec-tez ermənilər özləri bunu istəyəcək. Sadəcə, bir qədər gözləmək lazımdır”.