NATO-nun reaksiyası şişirdilir

Rusiyanın Ukraynanı işğalı olduqca zəif ehtimaldır

NATO-nun baş katibi Yens Stoltenberq Bolqarıstanın Baş naziri Kiril Petkovla görüşündə Ukrayna-Rusiya gərginliyindən danışıb. Baş katib bildirib ki, Ukrayna ilə bağlı ən pis senariyə hazır olmaq lazımdır. Stoltenberq deyib ki, Rusiyanın Ukrayna ətrafında böyük miqyasda hərbi qüvvələr cəmləməsi müşahidə olunur: “Silahlı birliklər, artilleriya, döyüş tankları, elektronik sistemlər, dronlar və döyüşə hazır, sayı on minlərlə olan canlı qüvvə... Əlbəttə ki, bu hərbi qüvvələrin toplanma niyyəti ilə bağlı dəqiq açıqlama yoxdur. Lakin bildiyimiz odur ki, Rusiya artıq daha əvvəl Ukraynaya qarşı hərbi gücdən istifadə edib. 

Ona görə də ən pis senariyə hazırlaşmalıyıq. Rusiya tərəfindən daha aqressiv ritorika görürük. Rusiya “qırmızı xətlər” barədə danışır, mesajlar çatdırır. Bu da NATO müttəfiqlərini narahat edir”. NATO baş katibi deyib ki, hərbi blok Rusiyanın fəaliyyətini yaxından izləyir: “Ukrayna ətrafında Rusiyaya məxsus hərbi qüvvələrin fəaliyyətini izləmək üçün kəşfiyyat imkanlarımızı daha da gücləndirmişik. Müttəfiqlərimiz arasında kəşfiyyat məlumatlarını paylaşırıq. Ukraynaya dəstək təlimlər çərçivəsində, hərbi texnika və ləvazimatların təminatı şəklində davam edir”. Stoltenberq deyib ki, hazırda müttəfiqlərimizə qarşı təhdid yoxdur, lakin artan gərginlik narahatlıq doğurur. 

Hərbi Alyansın Ukrayna məsələsindəki mövqeyini “Şərq”ə analiz edən siyasi şərhçi Azər Qasımov hesab edir ki, Rusiyanın Ukrayna sərhədinə qoşun yığmasına NATO-nun reaksiyası şişirdilir. Ekspert Rusiyanın Ukraynaya hərbi müdaxilə edəcəyinə ehtimal vermir:

 “Amerikanın Ukraynaya silah yardımı Rusiyanı hərbi və aqressiv ritorikadan çəkindirmək məqsədi güdür. Qərb ölkələri də yaxşı bilirlər ki, hazırkı dönəmdə Rusiyanın Ukraynanı işğalı olduqca zəif ehtimaldır. Çünki Ukrayna ərazisinə təcavüz Moskvanın problemi həll etməsinə yox, əksinə, daha ciddi böhrana yuvarlanmasına gətirib çıxaracaq. Yenidən milyonlarla insanın qaçqın düşməsini nə Avropa qaldıra bilər, nə də Rusiya hakimiyyəti”.

A.Qasımov xatırladıb ki, hərbi alyans soyuq müharibə dövründə belə Rusiya ilə müharibəyə yanaşmayıb:

 “Bu, indi də belədir. Qərb ancaq iqtisadi sanksiyaların tətbiqindən danışır. Ukraynaya edə biləcəkləri yardımın nələrdən ibarət olacağını da əvvəlcədən açıqlayıblar. Nəzərdə tutulan kiçik həcmdə maddi və silah yardımıdır, vəssalam. Əlbəttə, bu, yetərli dəstək deyil. Amma Rusiya da, Avropa da fərqindədir ki, müharibə növbəti siyasi-iqtisadi böhran deməkdir. Heç bir dövlət ərazisinin müharibə meydanına çevrilməsini istəməz”.