Növbəti ildə proseslər sürətlənəcək

Azərbaycan və Ermənistan arasında razılaşma ancaq birbaşa təmaslar sayəsində mümkündür

“Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan və Ermənistan arasında vasitəçiliyi birbaşa İrəvanın maraqlarına xidmət edir”. Bu sözləri “Şərq”ə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Analitik bildirib ki, Makron və rəsmi Parisin mövqeyi Minsk qrupu formatının davam etməsi və regionda etnik ermənilərə yeni bir “statusun” tanınmasına nail olmaqdır: “Fransanın iki olkə arasında sülhün əldə edilməsi istiqamətində vasitəçiliyi qəbuledilməzdir. Prosesdə əsas rolu Rusiya oynayır və Moskva çalışır ki, proses Kremlin nəzarətindən çıxmasın. Amma Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyadan kənar Azərbaycanla birbaşa danışıqlara getməyə çalışır. Tərəflər arasında hansısa razılaşma ancaq birbaşa təmaslar sayəsində mümkündür. Brüsseldə dəmiryol xəttinin çəkilməsinə dair razılığın əldə olunması bununla bağlıdır. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistana birbaşa görüşü dəfələrlə təklif edib.

  Çünki Moskvanın vasitəçiliyi ilə əldə olunan razılaşmalar kağız üzərində qalır. Mümkündür ki, növbəti ildən iki ölkə arasında normallaşma prosesi sürətlənsin. Lakin Rusiyanın boş dayanmayacağı, sabotajlara əl atacağı istisna edilmir”.