"Azərbaycan dəfələrlə bütün dünyaya nümunə ola biləcəyini sübuta yetirdi”  - ŞƏRH

“BMT Baş Assambleyasında Azərbaycan tərəfindən irəli sürülmüş COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, məqbul qiymətə, vaxtında əlçatanlığının təmin edilməsi ilə bağlı qətnamə qəbul edilib”.  

“Sherg.az” xəbər verir ki, bu barədə siyasi şərhçi Elçin Mirzəbəyli deyib. 

Politoloq bildirib ki, Azərbaycan COVİD-19 yeni növ koronavirus pandemiyasının bəşəriyyət üçün real təhlükəyə çevrildiyi ilk gündən bu qlobal təhlükəyə qarşı birgə mübarizənin tərəfdarı kimi çıxış edib: 

“Bu məqsədlə bir sıra mühüm təşəbbüslər irəli sürüb. COVİD-19 pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində ilk beynəlxalq toplantı da məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə, Türk Dövlətləri Təşkilatı formatında baş tutub. Daha sonra bu təşəbbüs ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatı müstəvisində müzakirəyə çıxarılıb. Hərəkatın toplantısında Prezidentin COVİD-19 pandemiyasına və “peyvənd millətçiliyi”nə qarşı sərgilədiyi prinsipial mövqe, həmçinin dövlətimizin başçısının BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması ilə bağlı təşəbbüsləri dəstəklənib. Beləliklə, Qoşulmama Hərəkatı öz tarixində ilk dəfə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağrılmasına məhz Azərbaycan Prezidentinin irəli sürdüyü təşəbbüs nəticəsində nail olub.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının BMT Baş Assambleyasına təqdim etdiyi qətnamə layihəsinin təsisatın 179 ölkəsi tərəfindən dəstəklənməsi və sənədin əleyhinə heç bir ölkənin səs verməməsi, həm dövlətimizin, həm Hərəkatın tarixi uğuru kimi qiymətləndirilməlidir”.

E.Mirzəbəyli vurğulayıb ki, bu o deməkdir ki, Azərbaycan Prezidentinin “Biz birlikdə güclüyük” şüarı ölkə sərhədlərini aşaraq daha geniş miqyasda rəğbətlə qarşılanıb və bütün bəşəriyyətin şüarına çevrilib: 

“Bu həm də o deməkdir ki, dövlətlərin böyüklüyü onların ərazisinin miqyası, əhalisinin sayı ilə deyil, məsuliyyətləri ilə ölçülür. Azərbaycan bəşəriyyət üçün həyati əhəmiyyət kəsb edən bir dönəmdə, nəinki qlobal məsuliyyətini dərk edən dövlət olduğunu, hətta qlobal məsuliyyət və humanizm müstəvisində bütün dünyaya nümunə ola biləcəyini sübuta yetirdi”.