Millət vəkili: "Brüssel görüşü Azərbaycanın daha uğurlu taktika seçdiyini göstərdi"

"Prezident İlham Əliyev Brüsseldə sülhə, əməkdaşlığa önəm verən Azərbaycan obrazını bütün dünyada qəbul etdirdi"

Azərbaycan Prezidenti İlham Əliyevin Brüsseldə keçirdiyi görüşlər və etdiyi çıxışlar, eyni zamanda, Avropanın bir sıra ölkələrinin liderlərinin çıxışları onu göstərdi ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra yaratdığı yeni reallıq çox şeyi dəyişib.

 Dövlətimizin başçısı da ifadə etdiyi kimi, beynəlxalq oyunçular artıq yeni reallığa görə mühakimə yürütməyə başlayıblar. Görüşlər əsnasında Avropa İttifaqı bölgədə sülhün bərqərar olması, bütün kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində birmənalı mövqe ifadə etdi. Yəni, müharibəyə hər hansı bir şəkildə qayıdış imkanlarının ortadan qalxmasına yönələn mövqe sərgilədi. Bütün bunlar onu göstərir ki, əvvəllər Azərbaycanın əleyhinə mövqe sərgiləyən dövlətlərin təmsilçiləri artıq hiss edirlər ki, münaqişənin hər hansı bir şəkildə yenidən alovlanması onlar üçün də ciddi problemlər yaradacaq.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

2012-ci ildən başlayaraq Azərbaycanın Avropa İttifaqının ən mühüm layihələrində daha fəal şəkildə yer aldığını qeyd edən deputat bildirib: “Bu gün Azərbaycan həm iqtisadi-siyasi, həm də mədəni sahələrdə Avropa İttifaqı ilə ciddi layihələrin həyata keçirilməsində önəmli tərəfdaşdır. Əsasən də enerji sahəsində əməkdaşlıq ən yüksək səviyyədə həyata keçirilir. Belə bir vəziyyətdə Prezident İlham Əliyevin Brüsselə səfər etməsi, orada görüşlər keçirməsi, həmçinin Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etdirməsi bütün sahələrdə öz təsirini göstərməkdədir. Dövlətimizin başçısının Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşü zamanı Zəngəzur dəhlizi ilə bağlı məsələlərdə də irəliləyişin əldə edilməsi məhz yaranmış etimaddan qaynaqlanır”.

Deputat vurğulayıb ki, Azərbaycan Zəngəzur dəhlizi ilə Laçın dəhlizinin müəyyən dərəcədə eyniləşdirilməsi siyasətini Brüsseldə keçirilən görüşdə əsas istiqamət olaraq bəyan edib. Ardınca isə Zəngəzur dəhlizi açılması fonunda əvvəlcə dəmir yolunun, sonra isə avtomobil yolunun açılmasının zəruriliyini Ermənistan tərəfinə də qəbul etdirib. Bütün bu tezislərin görüşdə aydın şəkildə ortaya qoyulması, həmçinin Şarl Mişelin bütün açıqlamaları Azərbaycanın mövqeyinə verilən dəstək idi. Ümumiyyətlə, Azərbaycan Avropa İttifaqından özünün nəzərdə tutduğu istiqamətlər üzrə hər hansı mənfi çağırış və ya mesaj almadı. Bu, ilk növbədə, siyasi cəhətdən önəmli məsələdir. Çünki bir sıra məsələlərdə Azərbaycanın mövqeyinə dəstək ifadə olundu. Xüsusilə də ərazi bütövlüyü məsələsində birmənalı dəstəyin ifadə edilməsi, eyni zamanda, Dağlıq Qarabağın statusu ilə bağlı fikirlərin, ümumiyyətlə, gündəmə gətirilməməsi Azərbaycan Prezidentinin bu mövzu ilə bağlı fikirlərinin dəstəklənməsi anlamına gəlir. Həmçinin mövzu ətrafında hazırkı dövrə uyğun müzakirələrin aparılması münaqişə mərhələsinin keçmişdə qaldığının qəbul edilməsi kimi dəyərləndirmək olar.

Digər tərəfdən, Ermənistanın terrorçuları Azərbaycandan “hərbi əsir” adı ilə tələb etmək taktikasına da müəyyən dərəcədə zərbə vuruldu. Çünki Ermənistan bu istiqamətdə də istədiyinə nail ola bilmədi. Azərbaycan Birinci Qarabağ savaşında 4 mindən çox azərbaycanlının taleyinin hələ də naməlum qalması məsələsini qaldıraraq ermənilərin bu mövzuda üstünlük qazanmasına imkan vermədi. Ümumiyyətlə, Brüsseldə ikitərəfli və üçtərəfli formatlarda keçirilən görüşlərdə daha çox Azərbaycanın mənafeyinə uyğun mövzular müzakirə edildi ki, bu da ölkəmizin xeyrinə olan amil idi.

Fazil Mustafa bildirib ki, bütövlükdə bu istiqamətdə baş tutan danışıqlar, əslində, Soçi görüşündən sonra Azərbaycanın daha uğurlu taktika seçdiyini göstərdi. “Ölkəmizin Soçi danışıqlarında əldə olunan irəliləyişinin Ermənistan tərəfindən hər hansı şəkildə zəiflədilməsi mümkün olmadı. Soçi Bəyanatının müddəalarını daha da irəli aparmaq üçün Brüssel görüşünün aydın bir perspektivdə uğurlu sonluqla yekunlaşdığını deyə bilərik. Çünki belə bir illüziya var idi ki, Avropa məkanında ermənilərin mövqeyi daha güclü müdafiə olunacaq. Bu da Azərbaycan üçün müəyyən problemlərə gətirib çıxara bilərdi. Amma bu görüş göstərdi ki, məhz Azərbaycan 44 günlük Vətən müharibəsində Qələbə qazandıqdan sonra Avropada, xüsusilə NATO məkanında güclü dəstək əldə edib. Bunu NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycan haqqında müsbət açıqlamalarında daha aydın şəkildə gördük. Bundan əlavə, NATO bilavasitə bitərəf olduğunu xüsusi vurğuladı. Həmçinin Yens Stoltenberq bütün çağırışlarında, çıxışlarında Azərbaycan və Ermənistana qarşı münasibətlərdə obyektivliyi qorumağa çalışdı. Bu da bizim üçün beynəlxalq çərçivədə çox önəmli məsələ idi”, - deyə deputat diqqətə çatdırıb.

O bildirib ki, bütövlükdə Prezident İlham Əliyevin məsələlərə çevik və arqumentli baxışı bir çox problemlərin həllinin elə görüş əsnasında müzakirəsi baxımından olduqca faydalı idi. Çünki Azərbaycan problemi doğru şəkildə çatdıraraq Ermənistanın ortaya qoyduğu arqumenti alt-üst etməyi bacardı. Necə ki, Prezident İlham Əliyev siyasi kursunu müharibədə qalib gəlməyə yönəlmişdisə, indi də bu diplomatiyanı sülhü qazanmağa yönəltdi. Dövlətimizin başçısı Brüsseldə iştirak etdiyi görüşlərdə sülhə, əməkdaşlığa önəm verən Azərbaycan obrazını bütün dünyada qəbul etdirdi. Həmçinin Azərbaycan Ermənistanla yeni mərhələyə başlamağa hazır olduğunu da dünya ictimaiyyətinin diqqətinə bir daha çatırdı. Prezident İlham Əliyev vurğuladı ki, Ermənistan bu istiqamətdə addım atarsa, bu problemləri çözmək, həmçinin psixoloji baryeri aşmaq daha rahat olacaq. Əlavə etdi ki, bizim tərəfimizdən bu yöndə hansısa fədakarlıq etmək lazımdırsa, Azərbaycan bunu reallaşdıracaq. Təki bölgədə sülh olsun, kommunikasiya xətləri açılsın və iqtisadi yüksəliş baş versin. Prezident İlham Əliyevin bu çağırışları Azərbaycana qarşı hər hansı bir tələbin irəli sürülməsinə imkan vermədi.

“Bütövlükdə hesab etmək olar ki, Brüssel səfəri Avropa İttifaqı ilə əməkdaşlıq müstəvisində, həmçinin o çərçivədə gedən müzakirələr istiqamətində kifayət qədər ciddi nəticələrlə yadda qaldı. Görüşün müsbət nəticələrini yaxın zamanlarda daha bariz şəkildə görə bilərik”, - deyə deputat fikirlərini tamamlayıb.