Paşinyan Gürcüstanın qapısına gedib


Baş nazir çalışır ki, ölkəsi bu ölkənin vasitəsilə Qara dənizin sularına çıxsın

“Çətinliklərə baxmayaraq, bu gün Ermənistan və Gürcüstan arasında münasibətlər keyfiyyət baxımından yeni mərhələyə qədəm qoyub və müxtəlif sahələrdə uğurlar əldə olunub. Ermənistan ilə Gürcüstan arasında dostluq münasibətləri regionda sülh və sabitliyin qorunmasına töhfə verir”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Tbilisidə keçirilən Gürcüstan və Ermənistan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclasında deyib. 

Görüşdən sonra Gürcüstanın Baş naziri İrakli Qaribaşvili isə bildirib ki, ölkəsi bölgədə sülh və sabitliyin olmasında maraqlıdı. Gürcüstan bu prosesdə ən vacib rollardan birini oynamağa həmişə hazırdır.

Cənubi Qafqazda baş verən hadisələr çərçivəsində Gürcüstan-Ermənistan münasibətləri və bu münasibətlərin inkişafının  Azərbaycana təsiri ilə bağlı “Şərq”ə açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, Gürcüstan Ermənistanla münasibətləri pisləşdirmir, əksinə, yaxşılaşdırmaq istəyir. 

“Amma Azərbaycanla oyun oynayırlar. Biz onların düşmən olmasını istəmirik. Amma Ermənistan çalışır ki, Gürcüstan ərazisindən Abxaziyaya gedən dəmir yolları və digər yolları açdırsın. Fikrimcə, bu, mümkün olmayacaq. Çünki bu, Rusiyayla bağlı olan məsələdir. Ona görə də çətin olacaq. Amma bununla yanaşı iki ölkə arasında müəyyən əlaqələrin inkişaf etməsinə xeyli imkan var. Onu da qeyd edim ki, Gürcüstan altılıq formatına girmək istəmədi. Bəhanə gətirdi ki, orada Rusiya var. Rusiya tutaq ki, onun ərazisinə ilhaq edib, qondarma respublikalar yaradıb. Amma Ermənistan da Rusiyanın ən yaxın strateji müttəfiqidir və strateji müttəfiqlə də Gürcüstan ehtiyatlı olmalıdır. Ən başlıcası ondan ibarətdir ki, dəmir yolları və şosse yolları Abxaziya vasitəsilə açılmayacaq. Ermənistan Rusiya ilə bütün əlaqəsini Gürcüstan vasitəsilə həyata keçirir. Gürcüstandan keçən qaz kəməri ilə Rusiyadan qaz alır. 

Son vaxtlar onların yeni əlaqələri də mövcuddur. Qarşılıqlı ticarət əlaqələrinə malikdirlər. Hər ikisi çalışırlar ki, Gürcüstanla Ermənistan arasındakı məsələlər inkişaf edərək daha yüksək səviyyəyə çatsın. Bu yolla həm də Paşinyan cəhd edir ki, Gürcüstan vasitəsilə Qaradənizin sularına çıxsın”. 

Qabil Hüseynli əsas çətinliyin Abxaziya ərazisindən  keçən dəmir yolunun Gürcüstan tərəfindən bağlanması olduğunu bildirib:

“ O yollar, demək olar ki, tamamilə bağlıdır. Eyni zamanda şosse yolları da bağlıdır. Əsas çətinliklərdən biri də Qaradəniz limanlarından Ermənistanın istifadə etməsi məsələsidir. Gürcüstan bu məsələdə bir az zirək tərpənib və Ermənistandan müəyyən tranzit xərcləri almaqla Qaradənizin dəniz limanlarına Ermənistanı buraxır. Ola bilsin ki, Paşinyan çətinlik deyəndə qiymətlərin qaldırılmasını nəzərdə tuta bilər. Amma hər halda hər iki ölkə arasında razılaşma imzalanıb ki, Qaradəniz limanlarına sərbəst çıxış üçün Ermənistana imkan yaradılacaq”. 

Politoloq bildirib ki, Gürcüstanın Azərbaycan və Ermənistan arasında vasitəçi rolunu oynaması mümkün deyil:

“Biz Gürcüstanı özümüzün həyata keçirdiyimiz bir sıra beynəlxalq layihələrin iştirakçısı etmişik. Bu gün Gürcüstan büdcəsinə daxil olan gəlirin 48 faizi Azərbaycanın verdiyi tranzit və digər xərclərdir. Gürcüstan büdcəsinin yarısı Azərbaycan hesabına formalaşır.  

Gürcüstan "Altılıq" formatına qarşı çıxaraq bildirdi ki, o təkcə Azərbaycanla Ermənistan arasında vasitəçi ola və bu prosesləri təkbaşına idarə edə bilər. Amma bu, mümkün deyil. Bu proseslərdə dominant rolunu Rusiya oynayır. Rusiya Gürcüstanın belə bir iddiasına qətiyyən yol verə bilməz. Heç Ermənistanı da qoymaz ki, belə bir məsələyə “hə” desin. 

Bu mürəkkəb münasibətlər sistemində hərə öz geostrateji maraqlarını güdür və bəzən də bir-birinə qarşı səmimi hərəkət etmirlər. Amma hər halda Gürcüstan-Ermənistan münasibətlərinin inkişafda olduğunu demək mümkündür”.

Sənan İSMAYIL