Qazanc da artacaq, nüfuz da...


Türkiyə, Azərbaycan və Gürcüstanın anlaşması regionun mənzərəsini dəyişəcək

2021-ci il oktyabrın 8-də İzmir şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin yaradılması haqqında Protokol” təsdiq edilib. Komitənin yaradılması başa çatdıqdan sonra onun fəaliyyəti Azərbaycana, onun iqtisadiyyatına müsbət töhfə verəcək.

Komitənin yaradılmasının məqsədləri və əhəmiyyəti ilə bağlı “Şərq”ə danışan iqtisadçı Eldəniz Əmirov bildirib ki, bu protokol yeni münasibətlərin və eyni zamanda perspektiv üçün nəzərdə tutulan 3+3 formatında yeni bir düzənin formalaşmasına ciddi imkan verəcək:

“Region ölkəklərində İran, Rusiya və Ermənistanla müqayisədə Türkiyə və Gürcüstan, ələlxüsus da, Türkiyə daha çox iqtisadi cəhətdən inkişaf etmiş və müasir istehsal və qeyri-neft ixracı üzrə iqtisadiyyatını formalaşdırılmış nümunəvi ölkədir. Bu konstektdə də Azərbaycan, Gürcüstan və Türkiyə arasında olan belə bir anlaşma Azərbaycan iqtisadiyyatı üçün əlavə individetlər qazandırmış olacaq. 

Nəzərə alsaq ki, yaxın vaxtlarda Zəngəzur dəhlizinin açılacağı gözlənilir, Zəngəzur dəhlizi məhz bu regionda Azərbaycanın logistik fəaliyyəti işğaldan azad olunmuş ərazilərimizin potensiyalından maksimal dərəcədə yararlanmasına töhfə verəcək bir kommunikasiya layihəsi, xətti olacaqdır. Bu kontekstdə də 3 tərəfli razılaşma bu dəhlizin imkanlarından daha optimal istifadə etmə imkanı yaratmış olacaqdır”. 
  
İqtisadçının sözlərinə görə, Azərbaycan logistik fəaliyyətin maksimum təmin olunması üçün paralel olaraq bütün region ölkələri ilə işlər aparır:

“Bildiyimiz kimi gündəmdə olan məsələlərdən biri də 3+3 formatında tərəfdaşlığın formalaşmasıdır ki, 3+3-ün birinci tərəfi Rusiya, Türkiyə, İran ikinci tərəfi isə Azərbaycan, Ermənistan və Gürcüstandır ki regionun 6 dövlətindən ibarət tərəfdaşlığın forması regionda iqtiasdi, siyasi eyni zamanda dayanıqlı inkişafın təmin olunmasında öz rolunu oynayacaqdır. Bir müddət əvvəl Gürcüstan, İran və Azərbaycan arasında bir razılaşma əldə olunub. Məhz bu razılaşma əsasında İran körfəzindən Qara dənizə qədər tranzit xətti Azərbaycan üzərindən keçərək İran, Azərbaycan, Gürcüstan olmaqla Gürcüstanın Qara dəniz sahilində olan iki limanının İran körfəzində olan limanlarla bağlanılması, yəni nəqliyyat dəhlizi vasitəsilə əlaqələrin təmin olunması ilə bağlı bir razılıq əldə olunmuşdur.  

Göründüyü kimi Azərbaycan tərəfi həm İranla, həm Türkiyə ilə, həm də Gürcüstanla getdikcə kommunikasiyaların, iqtisadi əlaqələrin tranzit daşımaların maksimum təmin olunması üçün paralel olaraq bütün region ölkələri ilə işlər aparır. Biz bunu bir müddət əvvəl İran, Azərbaycan, Gürcüstan indi isə Türkiyə Azərbaycan, Gürcüstan formatındfa müşahidə edirik”.

Sənan İSMAYIL