MDB dövlət başçıları toplanır! - Azərbaycan Avrasiya İttifaqına dəvət ediləcək? - ŞƏRH

Dekabrın 28-də Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin dövlət və hökumət başçılarının qeyri-rəsmi zirvə görüşü keçiriləcək. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. İlkin məlumata görə, qeyri-formal sammitə Rusiya Prezidenti Vladimir Putin sədrlik edəcək. MDB dövlət başçılarının Yeni il ərəfəsində Sankt-Peterburqda qeyri-formal sammiti pandemiyaya qədər mütəmadi keçirilib.

Qeyd edək ki, MDB 1991-ci ildə yaradılıb. Birliyə 9 ölkə – Rusiya, Azərbaycan, Qazaxıstan, Belarus, Ermənistan, Qırğızıstan, Moldova, Tacikistan və Özbəkistan daxildir.

Sankt-Peterburqda keçiriləcək görüşlə bağlı “Sherg.az”a açıqlama verən siyasi şərhçi Samir Hümbətov bildirib ki, bu görüşdə Azərbaycan lideri İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan sülh məsələsini müzakirə edə bilər:

“Dekabrın 28-də Rusiyada MDB liderlərinin qeyri-formal görüşündə Azərbaycan Avrasiya İttifaqına üzv ölkə olmağa dəvət edilə bilər. Rusiya Azərbaycan və Ermənistan arasında sülh yaradılmamış kommunikasiya və digər bəzi məsələləri gündəmə gətirir. Bu görüşdə mühüm sənədlərin imzalanacağına inanmıram.  Zənnimcə, toplantıda  Ermənistan və Azərbaycan rəhbərlərinin görüşü baş tutacaq. Paşinyan bu yaxınlarda qeyd edib ki, Soçi və Brüssel görüşündə Azərbaycanla Ermənistan arasında avtomobil yolunun çəkilməsi ilə bağlı razılıq əldə edilib. Əlavə olaraq, Ermənistanın baş naziri bildirib ki, tezliklə Azərbaycanla sülh məsələsi müzakirə edilə bilər. Buradan görünür ki, üçüncü görüş mütləq təşkil ediləcək”.

Xanlar ƏLİBƏY