Lavrov: "Rusiyanın ABŞ və NATO ilə müzakirələri gələn ilin əvvəlində başlayacaq"

"Rusiya və ABŞ nümayəndələri arasında ikitərəfli müzakirələrin ilk turunun 2022-ci ilin əvvəlində keçirilməsi ilə bağlı razılıq əldə edilib”.
“Report” İHA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Rusiyanın ABŞ və NATO-ya təqdim etdiyi təhlükəsizliklə bağlı razılaşma sənədi gələn ilin əvvəlində tərəflərlə müzakirə ediləcək: "Artıq müzakirədə iştirak edəcək şəxslərin adları müəyyənləşdirilib".

“Dekabrın 20-də Rusiya Prezidentinin köməkçisi, xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov ilə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivan arasında telefon danışığı olub. Bu görüşdə görüləcək işlərin təşkili ilə bağlı razılıq əldə edilib. Həmin razılaşmaya əsasən, gələn il Rusiya və ABŞ nümayəndələri arasında ikitərəfli danışıqların birinci raundu keçiriləcək Danışıqlarda iştirak edəcək şəxslər müəyyənləşib. Onlar hər iki tərəfi qane edir”, - S.Lavrov bildirib.