2022-ci ildə Avropa İttifaqı ilə saziş imzalanacaq

Vüqar Bayramov: "Tərəflər arasındakı sazişdə şərtlərin çoxu razılaşdırılıb"


   Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev Avropa İttifaqı ilə Azərbaycan arasındakı yeni sazişin imzalanmasının gecikmə səbəbindən danışıb. Fərid Şəfiyev sazişin bəzi müddəaları ilə bağlı fikir ayrılıqları olduğunu deyib. Onun sözlərinə görə, problemli məsələlər arasında enerji qiymətləri, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü və s. məqamlar yer alıb: “Aİ Azərbaycandan istəyir ki, qazı daxili bazara satdığı qiymətə xarici bazara da satsın. Təbii ki, daxili bazar üçün Azərbaycan güzəştlər tətbiq edir. Bunu xarici bazara tətbiq etmək iqtisadi maraqlara zidd ola bilər. Aİ bu müddəalarla bağlı güzəştə getsə, saziş imzalanacaq.

İnanıram ki, enerji məsələsi ilə bağlı Aİ tərəfindən müəyyən kompromis mümkün olacaq. Ancaq digər məqamla bağlı Azərbaycan tərəfindən tələblər var”. Məlumat üçün deyək ki, Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov sazişin gələn il yekunlaşa biləcəyinə ümid etdiyini deyib. Nazir qeyd edib ki, yeni saziş üzərində danışıqlar aparılır. Bu saziş əsasən dörd bölmədən ibarətdir. Siyasi təhlükəsizlik, ticarət, iqtisadi, sahəvi institusional inkişaf və digər məsələləri əhatə edir.
 Pandemiya ilə əlaqədar məhdudiyyətlərə görə danışıqlar prosesində müəyyən səngimə var idi. Ancaq ötən ilin iyunundan başlayaraq Aİ ilə Azərbaycan arasında Saziş üzrə intensiv danışıqlar gedir. Açıq qalan məsələlərin sayında azalma var. Hesab edirik ki, 2022-ci ildə bu sazişin yekunlaşdırılması mümkün olacaq”. Xatırladaq ki, 1996-cı ildə Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq haqqında Saziş imzalanıb. Həmin Saziş 1999-cu ildə qüvvəyə minib. Sazişin 10 il müddəti var. Ancaq Sazişin şərtlərinə əsasən, yeni saziş imzalanmayanadək hər il avtomatik olaraq onun müddətinin uzadılması nəzərdə tutulur. 
Aİ və Azərbaycan arasındakı saziş və hələlik razılaşdırılmamış məqamlarla bağlı “Şərq”ə danışan millət vəkili Vüqar Bayramov deyib ki, tərəflər arasındakı sazişdə şərtlərin çoxu razılaşdırılıb. Deputat vurğulayıb ki, son illərdə aparılan müzakirələr 2022-ci ildə yeni sazişin nəhayət imzalana biləcəyi ilə bağlı əsas yaradır: “Sazişdə razılaşdırılmayan məsələlərdən biri enerji sektoruna subsidiyalarla bağlıdır.

 Avropa İttifaqı enerji sektorunda subsidiyalaşmanın tərəfdarı deyil və bunun əleyhinə çıxır. Ona görə də təklif edir ki, enerji sektorundan subsidiyalaşma birdəfəlik çıxarılsın. Amma nəzərə alaq ki, bu sektora subsidiyaların verilməməsi enerji məhsullarının qiymətinin yüksəlməsinə gətirib çıxara bilər. 

Bu məqam Azərbaycan üçün həssas məqamlardan biridir. Digər məsələ - Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı Azərbaycan uzun müddətdir müzakirələr aparır. 

Xeyli məqamlarla bağlı razılaşmalar da mövcuddur. Bu istiqamətdə ÜTT ilə birbaşa danışıqlar davam etdirilir. Bütövlükdə tərəflər fundamental məsələlərdə razılıq əldə ediblər. Razılaşdırılmamış məqamların sayı heç də çox deyil. 

Böyük ehtimal gələn il ərzində Aİ ilə Azərbaycan arasında yeni sazişin imzalanması mümkün olacaq”.