Tehran normallaşan münasibətlərə yenə kölgə salır



İran idmançılarının Azərbaycan torpaqlarındakı qanunsuz turnirdə iştirakı necə anlaşılmalıdır?!

Qarabağdakı separatçı-terrorçu rejim dekabrın 28-də Xankəndidə MMA (qəfəs döyüşü -red) döyüşçülərinin iştirak edəcəyi “beynəlxalq turnir” təşkil edəcək. Turnirdə Xankəndidəki erməni idmançılarla yanaşı, Ermənistan və İrandan da qatılanlar olacaq. Separatçılar belə tədbirlərlə “hələ də nəfəs aldıqlarını” göstərməyə çalışırlar. Ermənistanın bu prosesdə dəstəyi də təəccüblü deyil. Ancaq İranın məhz indiki dövrdə yenidən separatçıların “idman yarışlarına” qatılması anlaşılan deyil. 
Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə deyib ki, Xankəndinə qanunsuz yük daşınmasına görə gərginləşən İran-Azərbaycan münasibətləri yenicə düzəlməyə doğru gedirdi. Analitikə görə, iki ölkə arasında verilən bəyanatlar, imzalanan mühüm sazişlər əlaqələrin inkişafından xəbər verirdi: “İndi İran idmançılarının Azərbaycan torpaqlarındakı qanunsuz turnirdə iştirakı necə anlaşılmalıdır?! Bunu idmançıların öz fəaliyyəti, yoxsa Tehranın “papaqaltı siyasəti” kimi başa düşməliyik? İran rəsmiləri idmançıların belə bir addımı özbaşına atdığını deyə bilər. Hərçənd, söhbət hər şeyin nəzarətdə saxlanıldığı İrandan gedirsə, bu çox da inandırıcı deyil. Digər yandan, İran yeni il ərəfəsində qonşu ölkələrlə sərhədlərini 15 gün müddətində bağlayır. İdmançılar Xankəndinə necə gedəcək, yaxud onlara getmələri üçün niyə əlahiddə şərait yaradılacaq? Yük daşımalarında məsuliyyəti özəl şirkətlərin üzərinə atan Tehran bu dəfə də eyni yolla cavab verməkdən yayınacaq. Bu, nə Bakı-Tehran xəttində normallaşma prosesinə, nə də İranın Azərbaycanın ərazi bütövlüyünə dəstək bəyanatlarına uyğundur. Görünür, Tehranda hələ də separatçılara dəstək strategiyasından əl çəkmək istəməyənlər var”.