Sualın cavabı uzaqda deyil

Kimdir separatçıbaşını və bir neçə agenti Paşinyanın üstünə qaldıran?

Azərbaycan tərəfindən adı “qara siyahı”ya salınan Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov növbəti dəfə Qarabağa qanunsuz səfər edib. Ölkəmizə qarşı qərəzli mövqeyi ilə seçilən ermənipərəst deputat Xankəndidə separatçıların başçısı Araik Arutyunyanla görüşüb. Üstəlik, rusiyalı deputat qanunsuz əməlini sosial şəbəkə hesablarında paylaşaraq səfərdən “məmnunluq” duyduğunu qeyd edib. Bununla da kifayətlənməyən deputat Xankəndidə erməni məktəblilər üçün Yeni il şousu təşkil edib və baş rolu özü ifa edib. Şaxta baba libasını geyinən Milonov ermənilər üçün hədiyyə paylayıb.

Vitali Milonovun Azərbaycana qarşı mövqeyi və ermənilərə olan “isti” münasibəti hər kəsə bəllidir. Lakin ekspertlərin fikrincə, bu şəxs ilk növbədə öz ölkəsinin parlamentində təmsil olunduğunu unutmamalıdır. Artıq dəfələrlə bu cür təxribatlara əl atan deputat regionda sülhməramlı missiya həyata keçirən Rusiya dövlətinin də imicinə xələl gətirir. 

Millət vəkili Sahib Alıyev vurğulayıb ki, Fransada rus agenti kimi tanınan Valeri Pekres Qarabağa necə buraxılıbsa, Vitali Milonov da elə buraxılıb. Deputat budəfəki səfərin zamanına diqqət çəkib: 

“Ermənistanın Baş naziri Nikol Paşinyan ermənilərə Qarabağın Azərbaycanın ayrılmaz parçası olması ilə razılaşmaqdan başqa digər yollarının qalmadığını anlatdı. Yəni Prezident İlham Əliyevin dəfələrlə bildirdiyi “Azərbaycanın torpaq bütünlüyü heç vaxt danışıqlar predmeti olmayıb və olmayacaq” sözlərini təkrarladı. Bunun ardınca separatçıbaşı Araik Arutyunyan onu kəskin tənqid etdi. Çünki Arutyunyan Paşinyanın sərəncamı ilə Ermənistandan hər ay aldığı 30 milyon dolların kəsilməsi ilə hansı vəziyyətə düşəcəklərini yaxşı bilir. Kimdir separatçıbaşını və bir neçə agenti Ermənistanın baş nazirinin üstünə qısqırdan? Bu sualın cavabı Rusiya Dumasının hakimiyyət partiyasından olan deputatı Vitali Milonovun Xankəndinə səfərində və Arutyunyanla yan-yana şəkil çəkdirməsindədir”.